Venesuelanın keçmiş prezidenti Nikolas Maduro və həyat yoldaşı Ciliya Flores xarici dövlət başçısı kimi suveren toxunulmazlığa malik olduqlarını bildirərək Nyu-York federal məhkəməsindən onlara qarşı irəli sürülən narkotik qaçaqmalçılığı ittihamlarının ləğv edilməsini istəyiblər.
Maduronun vəkilləri xatırladıblar ki, ABŞ məhkəmə tarixində öz ölkəsində dövlət başçısı kimi tanınan xarici liderə qarşı analoji cinayət işinə baxılması presedenti yoxdur. Müdafiə tərəfi eks-prezidentin ona yönələn iddiaları qətiyyətlə rədd etdiyini və günahsızlığını sübut edəcəyini vurğulayıb. Analoji vəsatətlə Ciliya Floresin də vəkilləri çıxış edərək, suverenlik prinsipinə əsasən onun da məhkəmə təqibindən toxunulmaz olduğunu diqqətə çatdırıblar.
Prokurorluq cavab mövqeyini bu ayın sonunda təqdim edəcək, hakim Alvin Hellerşteyn isə şifahi dinləmələri noyabrın 17-nə təyin edib. Vəsatətlər təmin olunmazsa, hazırda Bruklin həbsxanasında saxlanılan cütlüyün məhkəmə prosesi 2027-ci il iyunun 1-də başlayacaq. Qanunsuz maddələrin ABŞ-a daşınması sui-qəsdində təqsirli bilinəcəkləri təqdirdə, onları ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.
Xatırladaq ki, 2026-cı ilin əvvəlində ABŞ Prezidenti Donald Trampın əmri ilə keçirilən hərbi əməliyyat nəticəsində Maduro və həyat yoldaşı Venesueladan çıxarılaraq ABŞ-a gətirilmişdi.
İzmedia.az
![]()

