Dünyanın 18 aparıcı dəniz dövlətinin dənizçilik idarələrini birləşdirən Məsləhətçi Gəmiçilik Qrupunun (CSG) xəbərdarlığına istinadən “Financial Times” (FT) qəzeti yazır ki, qlobal dəniz daşımalarını tənzimləyən beynəlxalq hüquqi normativlər artıq effektiv fəaliyyət göstərmir.
CSG-yə rəhbərlik edən Danimarka Dənizçilik İdarəsinin baş direktoru Brayan Vessel nəşrə açıqlamasında mövcud mənzərəni belə qiymətləndirib: “Onilliklərdir ki, biz qlobal ticarəti gəmilərin dəniz sərhədlərini sərbəst şəkildə keçə biləcəyi inancı üzərində qurmuşuq. İndi bu fundamental prinsip ciddi təzyiq altındadır”.
Məsləhətçi Gəmiçilik Qrupunun hesabatında vurğulanır ki, onilliklər boyunca dəniz ticarətinin neytrallığı və azad naviqasiya hüququ beynəlxalq konvensiyalarla qorunsa da, hazırda bu sistem çökmə riskilə üz-üzədir. Aparıcı dəniz gücləri xəbərdarlıq edirlər ki, geosiyasi münaqişələr, eləcə də Qərbin nəzarətindən kənar fəaliyyət göstərən “kölgə donanması”nın sürətlə genişlənməsi dəniz ticarətində tənzimləyici qaydaların iflic olmasına gətirib çıxarır.
Ekspertlərin fikrincə, ABŞ və İran arasında Hörmüz boğazına nəzarət uğrunda gedən mübarizə, pandemiya dövrünün fəsadları və Qərb sanksiyalarından yayınmaq üçün formalaşan “kölgə donanması” müvəqqəti böhranlar deyil, qlobal ticarət sistemindəki dərin struktur dəyişikliklərinin göstəricisidir.
Vessel əlavə edib ki, CSG tərəfindən bu növ kəskin bəyanatın verilməsi dənizçilik sektorunun parçalanması və BMT-nin ixtisaslaşmış qurumu olan Beynəlxalq Dəniz Təşkilatının (IMO) tətbiq etdiyi vahid standartların sürətlə zəifləməsi ilə bağlı artan narahatlıqların nəticəsidir.
İzmedia.az
![]()

