Almaniya Müdafiə Nazirliyinin tərkibində Ukraynaya hərbi yardımın operativ təşkili ilə məşğul olan məxfi işçi qrupu fəaliyyət göstərir. “Financial Times” (FT) qəzetinin 14 sentyabr tarixli sayında yer alan məlumata görə, bu xüsusi qrup Kiyevə silah tədarükü ilə bağlı müqavilələri cəmi iki həftə ərzində imzalamaq səlahiyyətinə və sürətinə malikdir.
Məlumata görə, “Sonderstab Ukrayna” (“Ukrayna Xüsusi Qərargahı”) adlı bu bölmə Almaniya Müdafiə Nazirliyinin xüsusi mühafizə olunan binasında yerləşir. Ərazidəki yüksək məxfilik rejiminə görə bəzi hərbi dairələr qrupu hətta “partizan dəstəsi” kimi adlandırırlar.
Bölmə rəhbəri, keçmiş “Tornado” qırıcı təyyarəsinin pilotu, briqada generalı Yoahim Kaşke FT-yə açıqlamasında qərargahın iş prinsipini belə izah edib: “Bizim qərar qəbul etmə zəncirimiz çox qısadır”.
İlkin mərhələdə qrupun əsas funksiyası cəbhədəki vəziyyəti izləmək və Almaniyanın siyasi rəhbərliyinə hesabatlar təqdim etməkdən ibarət olub. Lakin sonradan qərargahın səlahiyyətləri genişləndirilərək Ukrayna üçün alman müdafiə sənayesi istehsalçılarından birbaşa silah alışı prosesinə yönəldilib. Məhz bu mexanizm vasitəsilə Kiyevdən gələn sorğular əsasında Almaniya Ukraynaya “Quantum” PUA-larının və digər hərbi texnikaların tədarükünü birbaşa maliyyələşdirir.
İzmedia.az
![]()

