Meksika məktəblərində mobil telefon və planşetlərin istifadəsi qadağan edilir

1 Min Read
Meksika Prezidenti Klaudiya Şeynbaum ölkənin ibtidai və orta məktəblərində mobil telefon və planşetlərin istifadəsinə qoyulan qadağanın noyabrın 3-dən etibarən qüvvəyə minəcəyini açıqlayıb.
Prezident keçirdiyi səhər mətbuat konfransında bildirib ki, şagirdlər cihazları çantalarında gəzdirə bilsələr də, dərs və ya fasilələr zamanı onlardan istifadə etmək qadağan olunacaq. Təhsil Hakimiyyəti Milli Şurasının sentyabrın 18-də 32 ştatın nümayəndələrinin iştirakı ilə yekdilliklə qəbul etdiyi müvafiq qərar sentyabrın 22-də rəsmi qəzetdə dərc ediləcək. Sənəd dərc olunduqdan sonra Xalq Təhsili Nazirliyinə yeni qaydaları müəllim və valideynlərə izah etmək üçün 30 gün vaxt veriləcək.
Qərara əsasən, cihazlardan istifadəyə yalnız fövqəladə hallarda və ya xüsusi ehtiyacı olan uşaqlar üçün icazə veriləcək. Məhdudiyyət yalnız ibtidai və orta məktəblərə şamil olunur. Orta peşə təhsili müəssisələri qaydaları müstəqil müəyyən edəcək, ali təhsil müəssisələrində isə hər hansı qadağanın tətbiqi nəzərdə tutulmur.
Şeynbaum vurğulayıb ki, qərarın əsas məqsədi uşaqlarda yaradıcı yanaşmanı bərpa etmək və ekranların, xüsusən sosial şəbəkələrin nəzarətsiz istifadəsinin mənfi fəsadlarının qarşısını almaqdır. Yeni tənzimləmə UNESCO-nun materialları, beynəlxalq ekspert rəyləri və 565 min müəllim arasında aparılan sorğunun nəticələrinə (müəllimlərin 81%-i qadağanı dəstəkləyib) əsasən hazırlanıb.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş