Litvanın Müdafiə naziri Robertas Kaunas LRT telekanalına müsahibəsində ölkəsinin Kalininqrad vilayəti ilə sərhəd xəttinin mühafizəsini gücləndirmək məqsədilə əraziyə 100 nəfərlik hərbi heyət göndərdiyini bəyan edib. Müdafiə idarəsinin rəhbəri bu qərarın Daxili İşlər naziri Martinas Katelinasın müraciəti əsasında, Latviya-Belarus sərhədində silahlı şəxslərin müşayiəti ilə 20 nəfərlik qanunsuz miqrant qrupunun Avropa İttifaqı ərazisinə keçməyə cəhd göstərməsindən sonra qəbul edildiyini bildirib.
Nazirin sözlərinə görə, hərbi kontingentin Kalininqrad istiqamətində yerləşdirilməsi profilaktik xarakter daşıyır və Rusiyada ehtimal olunan yeni səfərbərlik dalğası fonunda sərhədə axın edə biləcək Rusiya vətəndaşlarının qanunsuz keçidinin qarşısını almağa hesablanıb. Kaunas vurğulayıb ki, Belarusla sərhəddən fərqli olaraq Kalininqrad istiqamətində xüsusi mühəndis maneələri və fiziki çəpərlər mövcud deyil, bu səbəbdən də canlı qüvvənin cəlb edilməsi zərurəti yaranıb. İlk mərhələdə iki həftə müddətinə nəzərdə tutulan bu missiyanın müddəti və hərbçilərin sayı ehtiyac yarandığı təqdirdə artırıla bilər.
İzmedia.az
![]()

