Amerikanın aviasiya gigantı “Boeing” kommersiya təyyarələrini təsadüfi və ya qəsdən törədilən avariya hallarından qorumaq üçün yeni təhlükəsizlik sisteminin tətbiqini planlaşdırır. “Wall Street Journal” qəzetinin məlumatlı mənbələrə istinadən verdiyi xəbərə görə, şirkət rəhbərliyi “Flydubai” insidentindən sonra pilotsuz və ya qəsdən törədilən qəzaları mülki aviasiyada əsas risk faktorlarından biri kimi qiymətləndirir və yeni nəsil təyyarələrin layihələndirilməsində bu amili xüsusi nəzərə almağı hədəfləyir.
Nəşrin bildirdiyinə görə, “Boeing” hava gəmisinin idarə edilməsində son sözü pilotlara həvalə etmək ənənəsini saxlasa da, təyyarələrin göyərtə kompüterlərini qəsdən və ya səhvən baş verə biləcək fəlakətlərin qarşısını alan yeni özünümüdafiə mexanizmləri ilə təchiz etməyi planlaşdırır. Xatırladılır ki, şirkət hələ 2006-cı ildə təyyarənin qaçırılması cəhdi zamanı pilotların idarəetməsini dərhal məhdudlaşdıran məsafədən idarəetmə sistemini patentləşdirsə də, bu texnologiya sərnişin təyyarələrində tətbiq olunmamışdı. “Boeing” nümayəndələri yeni sistemin detalları barədə şərh verməkdən imtina etsələr də, pilotların psixi sağlamlığının monitorinqi ilə bağlı ABŞ Konqresinin qanunvericilik təşəbbüslərini dəstəklədiklərini bəyan ediblər.
İzmedia.az
![]()

