Böyük Britaniyanın keçmiş Baş nazirinin müavini Nik Kleqin həyat yoldaşı, tanınmış ispaniyalı vəkil Miriam Qonsales Durantes İspaniyada “Democracia21” adlı yeni liberal-mərkəzçi siyasi partiyanın yaradıldığını elan edib. “The Guardian” qəzetinin məlumatına görə, yeni hərəkat ölkədə sosialistlər (PSOE) və mühafizəkarların (PP) tərəfindən idarə olunan siyasi sistemə alternativ təqdim etməyi, korrupsiya, bürokratiya və kəskin siyasi qütbləşmə ilə mübarizə aparmağı hədəfləyir. Partiya noyabrın 29-da keçirilməsi planlaşdırılan növbədənkənar parlament seçkilərində Madrid və Barselonada iştirak edəcək.
“Democracia21″in manifestində həm Baş nazir Pedro Sançezin rəhbərlik etdiyi Sosialistlər, həm də ana müxalifət olan Xalq Partiyası ölkənin uzunmüddətli strateji maraqlarını qısamüddətli seçki dividendlərinə qurban verməkdə günahlandırılır. Qonsales Durantes ölkədə dərinləşən mənzil böhranını həll etmək üçün 35 yaşa qədər gənclər üçün mənzil vergilərinin ləğvini və kirayə haqqı limitlərinin tətbiqini təklif edib. O, həmçinin immiqrasiyanı İspaniya iqtisadiyyatı üçün üstünlük adlandıraraq, prosesə dövlət nəzarətinin gücləndirilməsini və Avropa İttifaqının islahat olunaraq qorunmasını müdafiə edib.
Sosialist Baş nazir Pedro Sançez üçün növbədənkənar seçkilər ciddi risklər yaradır. Ən son rəy sorğularına əsasən, Xalq Partiyası liderlik etsə də, hökumət qurmaq üçün ifrat sağçı “Vox” partiyasının dəstəyinə möhtac qala bilər. Bundan əlavə, İspaniya Ali Məhkəməsinin Franko diktaturası dövründə sürgün edilmiş şəxslərin xaricdə yaşayan nəsillərinin səsvermə hüququnu dayandırması seçki öncəsi Sosialistlərin mövqelərinə ağır zərbə vurub.
İzmedia.az
![]()

