Hindistanın Maharaştra ştatında pələngin hücumuna məruz qalan dörd qadın ölüb. Bu barədə “The Indian Express” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Çandrapur rayonunda pələng və onun balalarının hücumu nəticəsində dörd qadın həyatını itirib. Bildirilir ki, bu, cari ildə regionda qeydə alınan yeddinci ölümcül pələng hücumudur.
Məlumata əsasən, hadisə mayın 22-də baş verib. 13 qadından ibarət qrup yarpaq toplayarkən pələngin hücumuna məruz qalıb. Onlardan doqquzu hadisə yerindən qaçaraq xilas ola bilib.
Baş meşə müdirinin sözlərinə görə, kənd Brahmapur meşə sahəsi ilə həmsərhəddir və həmin ərazidə bir pələng və üç baladan ibarət pələng ailəsi aşkarlanıb.
“Kənd sakinlərinə növbəti xəbərdarlığa qədər meşəyə daxil olmamaları barədə məlumat verilib”, – deyə o bildirib.
Hadisədən sonra hakimiyyət orqanları zərərçəkmiş ailələrin hər birinə 25 min rupi məbləğində təcili maliyyə yardımı ayrıldığını açıqlayıb.
Bundan əlavə, ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib. Meşədə və onun ətrafında üç videomüşahidə kamerası və 30 kamera tələsi quraşdırılıb. Sakinlərə əlavə məlumat verilənədək meşəyə getməmələri tapşırılıb.
İzmedia.az
![]()

