Klub rəhbərliyindəki qeyri-müəyyənlik, komandanın UEFA Çempionlar Liqasına vəsiqə qazana bilməməsi və gələcəklə bağlı aydın strategiyanın olmaması “Milan”ın bir sıra ulduz futbolçularının ayrılmasına səbəb ola bilər.
Bu addımı açıq şəkildə atmağa hazır olduğunu bildirən ilk futbolçu Rafael Leão olub. Portuqaliyalı hücumçu yeddi ildən sonra yeni çağırışlar axtarmaq və karyerasında fərqli mərhələyə keçmək istədiyini etiraf edib. Bu isə “Milan” üçün gərgin transfer dövrünün başlanacağından xəbər verir.
Azarkeşlərin tənqidləri və tribunadan səslənən fit səsləri ilə müşayiət olunan çətin mövsümdən sonra Leao klubla vidalaşmağın vaxtının çatdığı qənaətinə gəlib. Məlumata görə, o, artıq xaricdə yeni klub axtarışındadır. Bununla belə, “Milan” futbolçunu 50 milyon avrodan aşağı məbləğə satmaq niyyətində deyil. İndiyədək Türkiyənin Galatasaray və Fenerbahçe klublarından təkliflər gəlib. Hər iki klubun futbolçuya illik təxminən 10 milyon avro maaş təklif etdiyi bildirilir.
Modriçin gələcəyi qeyri-müəyyəndir
Corriere dello Sport-un məlumatına görə, Luka Modrićun gələcəyi də sual altındadır.
Xorvatiyalı yarımmüdafiəçi komandanın mövsümdəki nəticələrindən ciddi şəkildə narazıdır və növbəti addımlarını dəyərləndirir. Onun müqaviləsi iyunun sonunda başa çatır. Bildirilir ki, Massimiliano Allegri baş məşqçi kimi qalsaydı, Modriç böyük ehtimalla komandada qalardı. Lakin həm Çempionlar Liqasının olmaması, həm də onun transferində mühüm rol oynayan məşqçi və idman direktorunun ayrılması vəziyyəti dəyişib.
Mənbənin məlumatına görə, Zlatan Ibrahimović Modriçi qalmağa razı salmağa çalışır, lakin futbolçu hələ yekun qərar verməyib.
Rabyo da ayrılığa yaxındır
Adrien Rabiot da cəmi bir mövsümdən sonra klubu tərk edə bilər. Fransalı yarımmüdafiəçinin qüvvədə olan müqaviləsi olsa da, “Milan” onun transferindən ən azı 15 milyon avro gəlir əldə etmək niyyətindədir.
Artıq futbolçunun SSC Napoliyə keçərək yenidən Alleqri ilə işləyə biləcəyi barədə məlumatlar yayılıb. Rabyonun uzun müddətdir Alleqrinin etimad göstərdiyi futbolçulardan biri olduğu bildirilir.
Meynanın qərarı dəyişə bilər
Komandanın əsas qapıçısı Mike Maignanun da gələcəyi qeyri-müəyyən olaraq qalır.
Meynan yaxın vaxtlarda müqaviləsini uzatsa da, bu qərarı verməsində Alleqri və klubun idman direktorunun mühüm rol oynadığı qeyd edilir. Hər iki şəxsin klubdan ayrılmasından sonra qapıçının qərarını yenidən nəzərdən keçirə və digər variantları qiymətləndirə biləcəyi bildirilir.
Bununla belə, onun illik təxminən 5 milyon avro maaş nəzərdə tutan uzunmüddətli müqaviləsi transfer prosesini çətinləşdirir.
Mənbənin məlumatına görə, “Milan” Çempionlar Liqasından əldə ediləcək gəlirlərdən məhrum qaldığı üçün maliyyə vəziyyətini yaxşılaşdırmaq məqsədilə digər futbolçularla bağlı təklifləri də nəzərdən keçirəcək. Klub rəhbərliyi eyni zamanda gözləntiləri doğrultmayan bəzi oyunçuların satışı üzərində də çalışır.
İzmedia.az
![]()

