Deutsche Welle: Hörmüz boğazında vəziyyət normallaşsa belə, enerji bazarlarında sabitlik dərhal bərpa olunmayacaq

2 Min Read

 

ABŞ və İran arasında gərginliyin daha da artmaması ehtimalına baxmayaraq, qlobal enerji bazarlarında və təchizat zəncirlərində yaranan problemlərin qısa müddətdə aradan qalxacağı gözlənilmir.

Deutsche Welle-nin yazdığına görə, Hörmüz boğazında gəmiçilik fəaliyyətinin tam normallaşması aylar, hətta illər çəkə bilər.

Bir çox siyasətçi, şirkət və investor hesab edir ki, boğazın yenidən tam açılması enerji qiymətlərinin sürətlə aşağı düşməsinə və hazırda Fars körfəzində gözləyən neft və qaz tankerlərinin fəaliyyətini bərpa etməsinə imkan verəcək. Lakin neft və gəmiçilik sənayesinin nümayəndələri, eləcə də iqtisadi ekspertlər daha ehtiyatlı proqnozlar irəli sürürlər.

Onların fikrincə, mümkün sülh enerji bazarlarını və qlobal təchizat zəncirlərini dərhal əvvəlki vəziyyətinə qaytarmayacaq. Mütəxəssislər hesab edirlər ki, mövcud böhranın təsirləri aylarla, bəzi hallarda isə illərlə davam edə bilər.

Səudiyyə Ərəbistanının ən böyük enerji şirkəti olan Saudi Aramco-nun baş icraçı direktoru Amin Nasser ötən ay investorlarla görüşündə bildirib ki, Hörmüz boğazı dərhal açılsa belə, bazarın yenidən tarazlaşması üçün aylar tələb olunacaq.

Onun sözlərinə görə, blokada bir neçə həftə daha davam etsəydi, bazarların tam normallaşması yalnız 2027-ci ildə mümkün olacaqdı.

Hazırda İran və Oman arasında yerləşən strateji Hörmüz boğazından keçən gəmi axını əvvəlki səviyyədən xeyli aşağı olaraq qalır. Bu vəziyyət kövrək atəşkəs və davam edən diplomatik danışıqlara baxmayaraq dəyişməyib.

Məlumata görə, neft qiymətləri münaqişədən əvvəlki dövrlə müqayisədə təxminən 30 faiz yüksəkdir. Bu isə benzin, dizel yanacağı və gübrələrin qiymətlərinə birbaşa təsir göstərir.

Ekspertlər bildirirlər ki, enerji daşıyıcılarının bahalaşması qlobal inflyasiyanı sürətləndirir, təchizat zəncirlərində əlavə problemlər yaradır və ərzaq qiymətlərinin artmasına səbəb olur. Xüsusilə təbii qaz əsasında istehsal olunan gübrələrin bahalaşması kənd təsərrüfatı sektorunda əlavə xərclər formalaşdırır.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş