Reuters agentliyinin tanış olduğu birgə sənədə əsasən, Avropa Birliyi gələcək üzv dövlətlərin bəzi səsvermə hüquqlarının məhdudlaşdırılması və qanunun aliliyinin qorunması üçün əlavə təminatların yaradılması imkanlarını müzakirə etməlidir.
Məsələ Monteneqronun 2028-ci ildə Aİ-yə üzv olmağa ümid etdiyi, Albaniya, Ukrayna və Moldovanın isə üzvlük prosesini sürətləndirməyə çalışdığı bir dövrdə gündəmə gəlib. Agentliyin məlumatına görə, bəzi Avropa hökumətləri, xüsusilə Macarıstanda Baş nazir Viktor Orbanın hakimiyyəti dövründə müşahidə olunan demokratik geriləmələri nəzərə alaraq, gələcək üzvlər üçün daha güclü nəzarət mexanizmlərinin yaradılmasını zəruri hesab edir.
Almaniya, Fransa, Niderland, Belçika və Lüksemburqun hazırladığı birgə sənəddə gələcək üzvlük müqavilələrinə yeni monitorinq mexanizmlərinin daxil edilməsi təklif olunur. Sənədə əsasən, demokratiya, qanunun aliliyi və media azadlığı kimi sahələrdə ciddi geriləmə baş verərsə, xüsusi təhlükəsizlik mexanizmlərinin işə salınması mümkün olmalıdır.
Beş ölkə həmçinin genişlənmə siyasəti, xarici siyasət və büdcə məsələlərini xüsusi vurğulayaraq qeyd edib ki, Avropa Birliyi yeni üzv dövlətlər üçün müvəqqəti və keçid xarakterli səsvermə məhdudiyyətlərinin tətbiqi imkanlarını dərindən müzakirə etməlidir. Bu xüsusilə yekdil qərar tələb olunan sahələrə aid edilir.
Hazırda Avropa Birliyinə sədrlik edən Kipr ötən həftə Ukrayna və Moldova ilə qanunun aliliyi və demokratik standartlarla bağlı danışıqların ilk mərhələsinə başlamaq üçün hazırlıq işlərinə start verildiyini açıqlayıb.
Estoniyanın Baş naziri Kristen Mixal isə Ukrayna Prezidenti Volodimir Zelenski ilə Tallində keçirdiyi görüşdən sonra X sosial şəbəkəsində paylaşım edərək bildirib: “Ukraynanın Aİ-də yeri var. Altı klasterin hamısı dərhal açılmalıdır. NATO isə ən güclü təhlükəsizlik təminatı kimi gündəmdə qalmalıdır”.
İzmedia.az
![]()

