Rumıniya və Moldovanın birləşməsi ilə bağlı qanun layihəsi Senata göndərilib

1 Min Read

 

Rumıniyanın Deputatlar Palatası Rumıniya ilə Moldovanın birləşməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Qanun layihəsi fevral ayında Avropa Parlamentinin üzvü Diana Şoşoaka tərəfindən təqdim olunub. Sənəd “səssiz qəbul” proseduru ilə təsdiqlənib. Qaydalara əsasən, plenar iclasda 45 gün ərzində müzakirə olunmayan və ya rədd edilməyən layihələr avtomatik qəbul edilmiş sayılır.

Bununla belə, aşağı palatanın qərarı yekun hesab edilmir. Layihə baxılması üçün Rumıniya Parlamentinin yuxarı palatası olan Senata göndərilib.

İki ölkənin birləşməsi ideyası Kişinyovda da yüksək səviyyədə dəstək qazanır. Moldova Prezidenti Maya Sandu 2026-cı ilin yanvarında bildirib ki, məsələ referenduma çıxarılsa, Rumıniya ilə birləşməyə səs verəcək.

Sandu qeyd edib ki, Moldova kimi kiçik dövlətin demokratik və suveren ölkə olaraq qalması, eyni zamanda Rusiya ilə qarşıdurma şəraitində fəaliyyət göstərməsi getdikcə çətinləşir.

Bu fonda Kişinyov postsovet məkanından uzaqlaşmaq və Avropa İttifaqına inteqrasiyanı sürətləndirmək siyasətini davam etdirir. 2026-cı ilin aprelində Moldova parlamenti Müstəqil Dövlətlər Birliyi ilə bağlı müqavilə və nizamnamənin ləğvini yekun oxunuşda qəbul edib.

Moldova 2022-ci ildə Avropa İttifaqına üzvlük üçün müraciət edib, 2024-cü ildə keçirilən referendumda isə vətəndaşların əksəriyyəti Avropaya inteqrasiyanı dəstəkləyib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş