Federal məhkəmə Nyu-Yorkun federal agentlərə maska qadağasını ləğv edib

2 Min Read

“Associated Press” agentliyinin məlumatına görə, ABŞ-da federal hakim Nyu-York ştatının federal hüquq-mühafizə orqanlarının əməkdaşlarına maska taxmağı qadağan edə bilməyəcəyi və onlardan görünən şəxsiyyət vəsiqələrinin olmasını tələb edə bilməyəcəyi barədə qərar qəbul edib.

Qərar Nyu-Yorkun Şimal Dairəsinin hakimi Mey D’Aqostino tərəfindən çıxarılıb. O bildirib ki, ştatın polis işində şəffaflığı təmin etmək cəhdlərinə baxmayaraq, məsələ siyasətin nə dərəcədə məqsədəuyğun olmasında deyil, ABŞ Konstitusiyasına uyğunluğundadır. Məhkəmə Nyu-Yorkun tələblərinin federal qanunun aliliyi (Supremacy Clause) prinsipini pozduğunu müəyyən edib. Bu prinsip ştatların federal hüquq-mühafizə orqanlarının fəaliyyətini tənzimləmək imkanlarını məhdudlaşdırır.

Qeyd olunan məhdudiyyətlər dövlət büdcəsinin bir hissəsi kimi qəbul edilmiş və may ayında Demokrat qubernator Keti Hokul tərəfindən imzalanmış hüquq-mühafizə orqanlarının islahat paketinə daxil edilmişdi. Qanun iyun ayında qüvvəyə minmişdi.

Məhkəmənin qərarından sonra Hokul və ştatın baş prokuroru Letitia Ceyms federal agentlər tərəfindən maskalardan istifadəni sakinlərin təhlükəsizliyini artıran amil hesab etmədiklərini bildirərək müvafiq hüquqi addımların araşdırıldığını bəyan ediblər.

Mübahisə Tramp administrasiyasının fəaliyyəti çərçivəsində immiqrasiya qanunvericiliyinin sertləşdirilməsi fonunda baş verir. Bundan əvvəl federal məhkəmə Kaliforniyada da hüquq-mühafizə orqanlarının əməkdaşlarına əməliyyatlar zamanı üzlərini örtməyi qadağan edən oxşar qanunu bloklamışdı. ABŞ Ədliyyə Nazirliyi oxşar məhdudiyyətlərə görə Konnektikut ştatına qarşı da məhkəmə iddiası qaldırıb. Nyu-York üzrə çıxarılan bu qərarın digər ştatlardakı analoji təşəbbüslərə də ciddi təsir göstərəcəyi gözlənilir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş