Alimlər buzlaqların yenilənmiş qlobal xəritəsini və su ehtiyatlarını açıqlayıblar

1 Min Read

Venesiya Ka’ Foskari Universiteti və İtaliya Milli Tədqiqat Şurasının Qütb Elmləri İnstitutunun alimləri Yer kürəsindəki buzlaqların yenilənmiş qlobal xəritəsini təqdim ediblər. “Scientific Data” jurnalında dərc olunan tədqiqata əsasən, Antarktida və Qrenlandiyanın örtük buzlaqları istisna olmaqla, dünyadakı buzlaqların ümumi həcmi təxminən 150 min kubkilometr təşkil edir. Bu buzların hamısı əriyərsə, Dünya Okeanının səviyyəsi təxminən 32,3 santimetr qalxa bilər.
Hesablamalar maşın öyrənməsinə əsaslanan “IceBoost v2.0” modeli vasitəsilə 7 milyondan çox ölçmə parametri nəzərə alınaraq aparılıb. Yeni model əvvəlki göstəricilərlə müqayisədə dəqiqliyi 40 faiz artıraraq buz ehtiyatlarının harada cəmləndiyini daha dəqiq müəyyən edib. Məsələn, Şərqi Qrenlandiyadakı Qeyki Yaylası buzlağının həcminin əvvəlki ehtimallardan iki dəfə çox olduğu ortaya çıxıb.
Tədqiqat nəticələri 2100-cü ilə qədər iqlim dəyişikliklərini proqnozlaşdırmaq, həmçinin buzlaq suyundan asılı olan təxminən 1,9 milyard insanın şirin su təminatını qiymətləndirmək baxımından böyük əhəmiyyət kəsb edir.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş