Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) Rusiyanın daxili regionlarından olan Başqırdıstana genişmiqyaslı hücum edib. Respublika rəhbəri Radi Xabirov hücumun dəf edildiyini bildirsə də, PUA qalıqlarının düşməsi nəticəsində ciddi yanğınlar qeydə alınıb.
“TASS” agentliyinin və yerli medianın məlumatına görə, dronların Salavat sənaye zonasına düşməsi nəticəsində yerli neft-kimya müəssisəsinin ərazisində yanğın başlayıb. Həmçinin, Çişminski rayonunda yerləşən “Wildberries” onlayn satış platformasının logistika mərkəzinin yaxınlığında güclü qara tüstü müşahidə olunub. Şirkət rəhbərliyi anbarda yanğın baş verdiyini təsdiqləyib.
Eyni zamanda, Rusiya Müdafiə Nazirliyi Ukraynanın hərbi dəniz obyektlərinə və liman infrastrukturuna cavab zərbələri endirdiyini bəyan edib. Rəsmi məlumata görə, gecə saatlarında Reni limanındakı Ukrayna dəniz qüvvələrinin komandanlıq məntəqəsi, həmçinin İzmail limanında hərbi yüklərin boşaldılması və saxlanması üçün istifadə olunan infrastruktur obyektləri və hərbçilərin müvəqqəti yerləşdirmə məntəqələri hücum dronları ilə vurulub.
İzmedia.az
![]()

