İsrail Müdafiə Qüvvələri (IDF) Qəzzada 6 yaşlı fələstinli qız Hind Rəcəb və onun ailəsinin ölümü ilə bağlı cinayət işinin qaldırılması barədə göstəriş verib. BBC-nin məlumatına görə, bu, İsrail ordusunun azyaşlı və ailəsinin olduğu avtomobilin atəşə tutulmasını ilk dəfə ictimaiyyət qarşısında etiraf etməsidir.
Hadisə 2024-cü ilin yanvarında, Qəzzada döyüşlərin ən şiddətli dövründə baş verib. Yeddi nəfərlik ailə bombardmandan qaçmağa çalışarkən İsrail hərbçilərinin atəşinə məruz qalıb. Hücum zamanı ailə üzvlərinin çoxu həlak olsa da, 6 yaşlı Hind sağ qalıb və Fələstin Qızıl Aypara Cəmiyyəti ilə telefonla əlaqə saxlayaraq kömək istəyib.
Balaca qızın xilasedicilərlə saatlarla davam edən və dünya miqyasında böyük əks-səda doğuran səs yazısına baxmayaraq, onu xilas etməyə göndərilən təcili yardım maşını da atəşə tutulub. Günlər sonra Hindin, ailəsinin və iki nəfər təcili tibbi yardım əməkdaşının cəsədləri tapılıb.
İzmedia.az
![]()

