“Washington Post”: Trampın İranla dalana dirənən müharibəsi və müttəfiqlərinə artan qəzəbi

2 Min Read
ABŞ Prezidenti Donald Trampın İrana qarşı başlatdığı hərbi əməliyyatların təxminən altı ay geridə qalmasına və gərginliyin uzanmasına rəğmən, Tehrandan istədiyi güzəştləri ala bilməməsi Vaşinqtonda ciddi narazılıq yaradıb. “Washington Post” qəzetinin təhlilinə əsasən, Amerika liderinin son dövrlərdəki kəskin və mübahisəli bəyanatları müharibənin dalana dirənməsindən doğan məyusluğun göstəricisidir.

Omanın təhdid edilməsi və “Yeni ABŞ Ərazisi” xəritəsi

Münaqişədə vasitəçi rolunu oynayan Omanı bombardmanla hədələyən Tramp, daha sonra Hörmüz boğazı, Oman, BƏƏ və İranın bəzi ərazilərini əhatə edən xəritə dərc edərək bu zonanı “YENİ ABŞ ƏRAZİSİ” adlandırıb. Tehran bu addımı lağa qoyarkən, analitiklər Trampın qəzəbini Yaxın Şərqdəki müttəfiqlərinə yönəltdiyini bildirirlər.

İqtisadi təzyiq və “İqtisadi D-Günü”

Silah ehtiyatlarının azalması fonunda Ağ Ev hərbi əməliyyatları azaldaraq diqqəti sanksiyalara yönəldib. “İqtisadi D-Günü” elan edən Tramp, İrana dəstək verən istənilən üçüncü ölkəni və şirkəti sərt cəzalandıracağı ilə hədələyib. Sanksiya təhdidlərindən sonra Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranla ticarət əlaqələrini kəsdiyini elan edib. Ekspertlər növbəti hədəflər arasında Çin və Türkiyənin də ola biləcəyini istisna etmirlər.

Körfəz ölkələrinin çətin seçimi

Fars körfəzi dövlətləri ABŞ ilə müttəfiqliyi saxlamaqla yanaşı, iqtisadi arteriya sayılan Hörmüz boğazında gəmiçiliyin bərpası üçün İranla razılığa gəlməyə məcburdurlar. Ağ Ev hərbi zərbələrlə İranın potesialını zəiflətdiyini iddia etsə də, boğazın hələ də təhlükəsiz hərəkət üçün tam açılmaması Vaşinqtonun strateji məqsədlərinə çatmadığını göstərir.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş