ABŞ Prezidenti Donald Trampın Seulla öncədən məsləhətləşmədən ABŞ-Cənubi Koreya birgə hərbi təlimlərinin müddətini qısaltmaq barədə qəfil qərarı Koreya yarımadasında yeni siyasi polemikaya yol açıb. “Bloomberg” Agentliyinin məlumatına görə, Pxenyan bu addımdan sonra Cənubi Koreyanı Vaşinqtonun “marionet dövləti” adlandıraraq tənqid edib.
Kim Yo Çenqdən kəskin reaksiyalar
Şimali Koreya liderinin bacısı Kim Yo Çenq ölkənin rəsmi KCNA agentliyinə açıqlamasında bildirib ki, Trampın təlimlərin dayandırılması əmri Seulu çətin vəziyyətdə qoyub: “Amerika əsgərlərinin təlimləri yarımçıq saxlamasına etiraz olaraq Seul bir kəlmə belə deyə bilmədi. Bu, marionet ordunun qaçılmaz taleyidir.”
Kim Yo Çenq həmçinin Donald Trampın Kim Çen Inla yenidən şəxsi əlaqə qurması barədə iddialarını təkzib edib. Pxenyan dialoq çağırışlarını rədd etdikdən dərhal sonra bir neçə qısamənzilli ballistik raket buraxaraq Vaşinqtonla danışıqlar aparmaq niyyətində olmadığını nümayiş etdirib.
Təlimlərin qısaldılması və Seulun reaksiyası
Əvvəlcə avqustun 27-dək davam etməsi nəzərdə tutulan illik yay hərbi təlimləri Trampın Pentaqona verdiyi tapşırıqla vaxtından əvvəl başa çatdırılıb. ABŞ lideri bu qərarı Kim Çen Inla yaxşı münasibətləri və Seulun Amerikanın İrana qarşı yürütdüyü siyasətə yetərincə dəstək verməməsi ilə əsaslandırıb.
Qərarın öncədən bildirilmədən verilməsi ilk mərhələdə Cənubi Koreyada təəccüb yaratsa da, ölkə Prezidenti Li Ce Myonq sonradan Trampın bu addımını alqışlayıb və bunu ABŞ-ın Koreya yarımadasında sülhü təmin etmək istəyinin təzahürü kimi qiymətləndirib. Lakin Pxenyan bu prosesi Seulun Vaşinqtondan tam asılılığının növbəti sübutu kimi qələmə verib.
İzmedia.az
![]()

