Yeniyetmə ikən rekord qıran avstraliyalı pilot təyyarə qəzasında həlak olub

1 Min Read

Avstraliyada yeniyetmə yaşlarında təkbaşına ölkə ətrafında uçaraq rekord qıran və gənclərin psixi sağlamlığı üzrə fəal olan 23 yaşlı pilot Robert “Bob” Bramli (Robert “Bob” Bramley) Şimal Ərazisində baş verən təyyarə qəzasında həlak olub. “Pulse Tasmania” nəşrinin polisə və gəncin ailəsinə istinadən verdiyi məlumata görə, bədbəxt hadisə avqustun 25-də Karpentariya körfəzi üzərində qeydə alınıb.
Bramli “Air Frontier” aviaşirkətinə məxsus “Beechcraft Baron” tipli çarter təyyarəsində təkbaşına olub. Avqustun 27-də Şimali Ərazi Polisi axtarış-xilasetmə tədbirlərinə baxmayaraq gənc pilotun sağ tapılmasına artıq ümid qalmadığını təsdiqləyib, onun ailəsi isə faciə ilə bağlı rəsmi açıqlama yayıb.
Ailənin yaydığı bəyanatda deyilir:
“Sözlər, əməllər və ya təsəllilər bu acını yüngülləşdirə bilməz, lakin sevimli Bobumuz artıq aramızda yoxdur. Bob ailəmiz, dostlarımız və cəmiyyətimiz üçün ümid işığı idi.”
Bob Bramli 2019-cu ildə — cəmi 16 yaşında olarkən 15 min kilometr məsafəni təkbaşına uçaraq Avstraliyanı dövr edib və bu nailiyyəti qazanan ən gənc pilot kimi tanınıb. O, bu layihəni gənclər arasında intiharların qarşısının alınması və psixi sağlamlıq üzrə maarifləndirmə kampaniyası çərçivəsində reallaşdırmışdı. Son illərdə o, peşəkar çarter pilotu kimi fəaliyyət göstərirdi.
Qəzanın səbəbləri ilə bağlı Avstraliya Nəqliyyat Təhlükəsizliyi Bürosu (ATSB) tərəfindən genişmiqyaslı araşdırma aparılır.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş