ABŞ iki Belarus müəssisəsinə – “Lakokraska” ASC və “Bellesbumprom” konserninə tətbiq etdiyi sanksiyaları ləğv edir. Bunun müqabilində Belarus rəhbərliyi 25 məhbusu azadlığa buraxacaq.
Bu barədə bəyanatla ABŞ prezidentinin Belarus üzrə xüsusi nümayəndəsi Con Koul Minskdə keçirilən danışıqların yekununda çıxış edib. O bildirib ki, tərəflər arasında ilkin razılıq əldə olunub və gələcəkdə yeni anlaşmalar çərçivəsində digər məhbusların da azad edilməsi, eləcə də əlavə şirkətlərin sanksiya siyahısından çıxarılması mümkündür.
Sentyabrın 15-də başlayan danışıqlar raundundan əvvəl diplomat Aleksandr Lukaşenko tərəfindən qəbul edilib. Görüşdə beynəlxalq vəziyyət və ikitərəfli münasibətlər geniş müzakirə olunub.
Qeyd edək ki, bu, Con Koulun vasitəçiliyi ilə baş tutan ilk uğurlu razılaşma deyil. Cari ilin mart ayında keçirilən görüşün nəticəsi olaraq da ABŞ bir sıra Belarus təşkilat və banklarına qarşı məhdudiyyətləri aradan qaldırmışdı.
Azad ediləcək şəxslərin adları və sanksiyaların ləğv olunacağı dəqiq tarix hələlik açıqlanmır.
İzmedia.az
![]()

