ABŞ kəşfiyyatından xəbərdarlıq: Səudiyyə Ərəbistanına F-35 satışı Çinə texnoloji sızma riski yaradır

1 Min Read
“The New York Times” qəzetinin Amerika rəsmilərinə istinadən verdiyi məlumata görə, ABŞ kəşfiyyat orqanları Vaşinqtonun Səudiyyə Ərəbistanına “F-35” qırıcı-bombardmançı təyyarələrini satacağı təqdirdə Çin mütəxəssislərinin bu texnologiyanı ələ keçirə biləcəyindən narahatdır. Analitiklərin fikrincə, Pekin Krallıqdakı casusluq şəbəkəsi və ya hərbi əməkdaşlıq kanalları vasitəsilə məxfi avadanlıqları araşdırmaq imkanı qazana bilər.
Sitat gətirilən hesabatda Pentaqon rəsmiləri Çin hərbçilərinin Səudiyyə Ərəbistanının hərbi bazalarına çıxışının olmasına və ölkənin telekommunikasiya sistemində Çin texnologiyalarından geniş istifadə edilməsinə diqqət çəkirlər. Analoji narahatlıqlar 2020-ci ildə BƏƏ ilə “F-35” sazişi müzakirə olunarkən də qaldırılmış və nəticədə Vaşinqton müqavilədən imtina etmişdi.
ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının Çinə məxsus “Huawei” və “ZTE” avadanlıqlarını hərbi obyektlərdən çıxaracağına və Çin kəşfiyyatı ilə əlaqələri məhdudlaşdıracağına şübhə ilə yanaşır. Həmçinin Pekinin Ər-Riyada ballistik raket istehsalı texnologiyalarını ötürməsi və birgə zavodlar tikməsi də təhlükəsizlik risklərini artırır. Yaxın Şərqdə bu təyyarələrə sahib olan yeganə dövlət kimi İsrail də sözügedən satışa qarşı narahatlığını ifadə edib.
NYT-nin qeyd etdiyinə görə, Konqresin müqavimətinə baxmayaraq, Dövlət katibi Marko Rubio Konqresdəki təsdiqləmə prosesindən yayınaraq silah tədarükünü sürətləndirmək hüququndan istifadə edə bilər. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman isə husilərlə yenidən alovlanan döyüşlər fonunda krallığın hərbi imkanlarını gücləndirməkdə kararlıdır.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş