ABŞ Prezidenti Donald Trampın administrasiyası Ağ Evdəki akkreditasiyalarını ləğv etdiyi “CNN” və “MS NOW” telekanallarında siyasi reklamlar yerləşdirib. “The Washington Post” nəşrinin “AdImpact” analitik şirkətinə istinadən verdiyi məlumata görə, Ağ Ev sözügedən media qurumlarında Trampı dəstəkləyən iki fərqli videoçarx yayımlayıb.
Yayımlanan “Sevdiyi Ölkə” başlıqlı birinci videoda Tramp Amerikada radikal sol ideologiyaları aradan qaldıracağını vəd edir, “Son Döyüş” adlı ikinci videoda isə “kölgə dövləti” və qlobalistləri kəskin tənqid edir. Bu videolar Los-Anceles, Nyu-York, Vaşinqton, Filadelfiya və Albani kimi iri şəhərlərin regional yayım şəbəkələrində nümayiş olunub. Ümumilikdə üç müxtəlif reklam çarxı üçün vergi ödəyicilərinin ən azı 2,87 milyon dollar vəsaiti xərclənib.
Xatırladaq ki, sentyabrın 18-də Donald Tramp “CNN”, “MS NOW” və “Politico” jurnalistlərini yalan məlumat yaymaqda ittiham edərək onların Ağ Evə girişini qadağan edib. Məhkəmənin bu qərarı ləğv etməsinə baxmayaraq, Məxfi Xidmət media mənsublarının iqamətgaha daxil olmasına icazə verməyib. Hazırda həmin media qurumları fəaliyyət hüquqlarının bərpa olunması tələbi ilə növbəti məhkəmə iddiası qaldırıblar.
İzmedia.az
![]()

