Avropa Komissiyası Rusiyaya qarşı 23-cü sanksiyalar paketi üzərində işlərə başlayıb. “Politico” nəşrinin məlumatına görə, yeni məhdudiyyətlər əsasən Rusiyanın energetika sektorundan, xüsusilə neft və qaz satışından əldə etdiyi gəlirlərin daha da azaldılmasına yönələcək. Müzakirələrlə tanış olan mənbələr bildirirlər ki, sanksiyalar layihəsinin 2026-cı ilin sonuna qədər Aİ üzv dövlətlərinə təqdim olunması planlaşdırılır. Məsələ oktyabrın 15-də keçiriləcək Aİ sammitində dövlət və hökumət başçıları tərəfindən geniş müzakirə ediləcək.
Avropa İttifaqının bu addımı ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə Amerika və qlobal bazarlara dizel yanacağının tədarükü barədə əldə etdiyi razılaşmaya reaksiya kimi qiymətləndirilir. Vaşinqtonun bu gedişi Avropada kəskin tənqid olunub və diplomatlar Moskvaya təzyiqin azaldılmasının yolverilməzliyini vurğulayıblar. Qeyd edək ki, oktyabrın 12-də Aİ 1,6 min fiziki və hüquqi şəxsi, o cümlədən ballistik raket istehsalçılarını əhatə edən 22-ci sanksiya paketini rəsmən təsdiqləyib.
İzmedia.az
![]()

