Avropa Komissiyası Rusiyaya qarşı 20-ci sanksiya paketi çərçivəsində Rusiya nefti daşıyan tankerlərin dayandırılması və yoxlanılması üçün hüquqi baza hazırlayır.
İzmedia.az xəbər verir ki, bunu Brüsseldəki diplomatik mənbə TASS agentliyinə bildirib.
Mənbənin sözlərinə görə, sözügedən təşəbbüs bir sıra Avropa İttifaqı ölkələri arasında dənizdə mümkün hərbi qarşıdurma riski ilə bağlı ciddi narahatlıq doğurur.
Bildirilib ki, plan Rusiya neftinin dəniz nəqliyyatına, eləcə də bununla bağlı maliyyə və sığorta xidmətlərinə qarşı əlavə məhdudiyyətləri nəzərdə tutur. Eyni zamanda, Avropa Xarici Fəaliyyət Xidməti ilə tanker qeydiyyatı xidmətləri göstərən ölkə və yurisdiksiyalar arasında danışıqlar aparılır. Məqsəd açıq dənizlərdə öz bayraqları altında üzən tankerlərin yoxlanılması üçün hüquqi icazələrin əldə edilməsidir.
Diplomat 20-ci sanksiya paketinin təsdiqi prosesindəki çətinliklərə toxunaraq qeyd edib ki, Brüssel Rusiya nefti və neft məhsulları daşıyan tankerlərin dayandırılması, yoxlanılması və potensial müsadirəsi üçün hüquqi əsaslar formalaşdırmağa çalışır. Onun fikrincə, bu addım bəzi Aİ üzv dövlətləri tərəfindən riskli hesab olunur, çünki dənizdə birbaşa hərbi toqquşma ehtimalını artıra bilər.
Mənbə əlavə edib ki, Aİ-nin birtərəfli sanksiyaları çərçivəsində mümkün güc tətbiqinin qanuniliyi Rusiya və bir sıra digər ölkələr tərəfindən tanınmaya bilər ki, bu da hərbi qarşıdurma riskini artırır.
İzmedia.az
![]()

