Çeçenistan lideri Ramzan Kadırov mükafat kolleksiyasına daha bir orden əlavə edib.
O, “Rusiyada sement sənayesinin inkişafına xüsusi töhfəyə görə” birinci dərəcəli ordenlə təltif olunduğunu Telegram kanalında açıqlayıb.
Mükafat Kadırova Sement İstehsalçıları Birliyinin icraçı direktoru Daria Martinkina tərəfindən təqdim edilib. Yayılmış videoda təqdimat zamanı Martinkinanın başını hicabla örtdüyü də əks olunub.
Kadırov paylaşımında bildirib: “Daria Martinkinadan ‘Rusiya Federasiyasında sement sənayesinin inkişafına xüsusi töhfəyə görə’ birinci dərəcəli ordenini almaq xoş idi. İşimizə verilən bu yüksək qiymətə görə minnətdaram. Öz tərəfimizdən planlaşdırılan layihələrin uğurla həyata keçirilməsi və sənayenin inkişafı üçün səylərimizi davam etdirəcəyik”.
Qeyd edək ki, aprelin 7-də Kadırov Çeçenistan Elmlər Akademiyasının “Elmin inkişafına verdiyi töhfəyə görə” medalının ilk laureatı olub. Lakin konkret elmi nailiyyətlər barədə məlumat verilməyib.
Bildirilir ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Kadırov ümumilikdə ən azı 39 müxtəlif mükafat alıb. Bu mükafatlar arasında Kurçatov İnstitutunun ordeni, Rusiya Baş Memarlar Şurasının “Kentavr” nişanı, eləcə də “Kənd təsərrüfatı kompleksinin əməkdar işçisi” və “İlk tibbi yardım üzrə əla işçi” kimi fəxri adlar da var.
Bundan əlavə, Kadırov Rusiya prezidenti Vladimir Putindən altı ordenlə təltif olunub. Bunlara II, III və IV dərəcəli “Vətənə xidmətə görə” ordenləri, Aleksandr Nevski ordeni, “Cəsarət və şərəfə görə” ordenləri, həmçinin “İnsan hüquqlarının müdafiəsinə görə” və “Rusiya penitensiar sisteminin gücləndirilməsinə görə” medalları daxildir. O, həmçinin iki dəfə “Çeçenistan Qəhrəmanı” adına layiq görülüb.
İzmedia.az
![]()

