Xorvatiyada 73 yaşlı kişi saxta investisiya fırıldağı nəticəsində 120 min avro itirib

1 Min Read

Xorvatiyanın İstriya bölgəsində 73 yaşlı kişi özünü maliyyə “ekspertləri” kimi təqdim edən şəxslərə inanaraq təxminən 120 min avro itirib. Hadisə ilə bağlı polis araşdırma aparır və vətəndaşlara ehtiyatlı olmaları barədə xəbərdarlıq edilib.

Polisin məlumatına görə, ötən ilin yazında həmin kişi ilə investisiya platforması vasitəsilə əlaqə saxlanılıb. Özlərini broker kimi təqdim edən şəxslər ona əvvəlcə qızıl, gümüş və neft kimi aktivlərə kiçik məbləğdə investisiya yatırmağı təklif ediblər.

Daha sonra “brokerlər” onu məşhur video yayım platformalarından birinin səhmlərinə investisiya etməyin “zəmanətli qazanc” gətirəcəyinə inandırıblar və kişi böyük məbləğdə pul yatırıb.

Mart ayının sonunda o, şübhələnərək ödənişləri dayandırıb. Lakin daha sonra özünü platformanın maliyyə direktoru kimi təqdim edən bir qadın onunla əlaqə saxlayaraq hesabına 240 min avro köçürüləcəyini, bunun üçün isə əvvəlcədən əlavə 30 min avro ödənilməli olduğunu bildirib. Bundan sonra kişi fırıldaqa düşdüyünü anlayaraq polisə müraciət edib.

İstriya Polis İdarəsi vətəndaşları investisiya fırıldaqlarına qarşı diqqətli olmağa çağırıb. Polis bildirib ki, xüsusilə “zəmanətli qazanc”, “tez gəlir” və “məhdud təklif” kimi vədlər ciddi risk əlamətidir. Həmçinin qeyd olunub ki, şübhəli zənglər və təsdiqlənməmiş platformalar vasitəsilə investisiya etmək təhlükəlidir.

Polis sonda vurğulayıb: “Unutmayın, asan pul qazanmağın yolu yoxdur. Əgər bir təklif həqiqət olmaq üçün çox yaxşı görünürsə, çox güman ki, fırıldaqdır.”

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş