Fudan Universitetinin Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktoru Sun Deqanq TASS-a bildirib ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) OPEC və OPEC+ təşkilatlarından çıxması uzunmüddətli perspektivdə neft qiymətlərinin aşağı düşməsinə səbəb ola bilər.
Deqanq qeyd edib ki, “Qısa müddətdə BƏƏ-nin OPEC və OPEC+ təşkilatlarından çıxması OPEC sisteminə ciddi zərbə vuracaq və potensial olaraq neft qiymətlərinin yüksəlməsinə səbəb olacaq. Lakin uzunmüddətli perspektivdə BƏƏ hasilatı artıra və əlavə güc ortaya qoya bilər ki, bu da neft qiymətlərinin aşağı düşməsinə gətirib çıxarar”.
Onun sözlərinə görə, BƏƏ-nin təşkilatlardan çıxışı neft ixrac edən ölkələrə böyük təsir göstərəcək. Bu təsirlər arasında BƏƏ ilə ABŞ arasında əməkdaşlığın güclənməsi, həmçinin Səudiyyə Ərəbistanının qlobal enerji qiymətləri və danışıqlardakı mövqeyinin zəifləməsi də yer alır.
Sun Deqanq bildirib ki, BƏƏ Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi kvota siyasətindən narazıdır. “Səudiyyə Ərəbistanı qiymətləri artırmaq üçün neft hasilatının azaldılmasını müdafiə edir. BƏƏ isə OPEC üzvlərinin qlobal enerji bazarında pay uğrunda OPEC-ə daxil olmayan ölkələrlə rəqabət aparmaq üçün hasilatı artırmasını təklif edir”, – deyə ekspert izah edib.
Ekspertin fikrincə, digər amillərdən biri də ABŞ və İsrailin İrana qarşı mümkün hərbi əməliyyatı zamanı BƏƏ-nin ən böyük itkilərlə üzləşməsi və digər ərəb OPEC üzvlərinin kifayət qədər dəstək göstərə bilməməsidir. O əlavə edib ki, Fələstin və Səudiyyə Ərəbistanı arasındakı münasibətlər, eləcə də BƏƏ-nin Pakistanda keçirilən ABŞ-İran sülh danışıqlarından kənarda qalması da bu qərara təsir edən amillərdəndir.
Deqanq vurğulayıb ki, BƏƏ-nin qərarı enerji idxalçısı olan Çinə ciddi təsir göstərməyəcək. O xatırladıb ki, Çin uzun müddətdir enerji idxalını şaxələndirmək strategiyası həyata keçirir və Fars körfəzi bölgəsi ölkənin neft idxalının təxminən 40 faizini təşkil edir. Çinin əsas enerji tərəfdaşları isə Səudiyyə Ərəbistanı, BƏƏ, Oman, İraq və Küveytdir.
İzmedia.az
![]()

