“Politico” nəşri diplomatik mənbələrə istinadən xəbər verir ki, Ukraynanın sürətli Avropa İttifaqı (Aİ) üzvlüyünə qarşı çıxan bəzi üzv ölkələr alternativ olaraq inteqrasiyanın “azaldılmış” versiyasını təklif etməyi planlaşdırır.
Məlumata görə, bu layihə təxminən bir ay əvvəl hazırlanıb. Avropa rəsmiləri Ukraynanın mərhələli şəkildə Aİ-yə yaxınlaşmasına imkan verəcək islahat paketini müzakirə etməyə başlayıblar. Bunun müqabilində Kiyevdən tam üzvlük üçün tələb olunan dəyişiklikləri davam etdirməsi gözlənilir.
Məqalədə qeyd olunur ki, yeni təklif Ukraynaya Avropa bazarlarına daha asan çıxış imkanı yaradacaq, həmçinin Aİ proqramları və institutlarının fəaliyyətində daha fəal iştirak etməsinə şərait yaradacaq.
Əsasən Almaniya və Fransanın təşəbbüsü ilə hazırlanan bu model “sürətləndirilmiş mərhələli inteqrasiya” adlandırılıb. Bundan əlavə, Kiyevə “assosiativ dövlət” statusunun da təklif oluna biləcəyi bildirilir.
Ukrayna isə öz növbəsində Qərb müttəfiqlərindən daha aydın siyasi mövqe və iqtisadi yardımın artırılmasını tələb edir.
İzmedia.az
![]()

