ABŞ prezidenti Donald Tramp ABŞ və İran arasında hərbi əməliyyatların başa çatdığını elan edib. Lakin ABŞ qoşunlarının regionda qalması Konqresdə ciddi müzakirələrə səbəb olub.
izmedia.az xəbər verir ki, Tramp ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson və Senatın müvəqqəti prezidenti Çarlz Qrassliyə ünvanladığı məktubda 28 fevralda başlayan hərbi əməliyyatların dayandırıldığını bildirib.
Məktubda qeyd olunur ki, 7 apreldən etibarən atəşkəs rejimi qüvvədədir və bu müddət ərzində tərəflər arasında hər hansı silahlı toqquşma qeydə alınmayıb. Prezidentin sözlərinə görə, 28 fevral 2026-cı ildə başlayan münaqişə artıq başa çatmış hesab edilə bilər.
Bununla belə, Tramp vurğulayıb ki, İran tərəfindən təhlükə hələ də “ciddi xarakter daşıyır” və bu səbəbdən Pentaqon regionda qüvvələrin yerləşdirilməsini davam etdirəcək. Dəyişikliklərin detalları məxfi əlavədə yer alıb.
Məktub ABŞ Konqresi ilə hüquqi mübahisə fonunda göndərilib. 1973-cü il “Hərbi Səlahiyyətlər Aktı”na əsasən, prezident Konqresin icazəsi olmadan 60 gündən artıq hərbi əməliyyat apara bilməz. Rəsmi bildiriş 2 martda verildiyi üçün bu müddət 1 mayda başa çatırdı.
Tramp administrasiyası isə atəşkəsin müharibə müddətini dayandırdığını və əlavə icazəyə ehtiyac olmadığını bildirir. Lakin bir sıra konqres üzvləri, o cümlədən respublikaçı senator Syuzan Kollinz bu yanaşma ilə razılaşmayıb və qanunun pozulduğunu iddia edib.
Məlumata görə, ABŞ və İran arasında münaqişə “Qəzəbli Fırtına” adlı hərbi əməliyyatla başlayıb. Bu əməliyyat zamanı İranın hərbi obyektləri, o cümlədən SEPAH komandanlığı, hava hücumundan müdafiə sistemləri və raket infrastrukturu hədəf alınıb.
İranın cavab tədbirləri nəticəsində Hörmüz boğazında gərginlik artıb və bu strateji marşrut qismən blokadaya alınıb. Atəşkəsin Pakistan vasitəçiliyi ilə əldə edildiyi bildirilsə də, hələlik tam sülh sazişi imzalanmayıb.
ABŞ qoşunları isə bölgədə patrul fəaliyyətini davam etdirir və yüksək hazırlıq vəziyyətində saxlanılır.
![]()
