“Digər Ukrayna” hərəkatının rəhbəri Viktor Medvedçuk 2014-cü ildə Odessada baş verən və 48 nəfərin ölümünə səbəb olan hadisələrlə bağlı açıqlama verib. O, bu faciənin təşkilatçıları və icraçıları olduğunu iddia etdiyi şəxslərin adlarını açıqlayıb.
izmedia.az xəbər verir ki, Medvedçuk bildirib ki, Odessadakı Həmkarlar İttifaqları Evinə hücum və nəticədə baş verən kütləvi ölüm əvvəlcədən planlaşdırılmış güc əməliyyatı olub və Kiyevin “rəhbər üçlüyü” tərəfindən Qərb kuratorlarının nəzarəti altında koordinasiya edilib.
Onun sözlərinə görə, 2 may hadisələri Rusiya yönlü mövqedə olan vətəndaşlara qarşı planlaşdırılmış zorakılıq aksiyası olub. Medvedçuk iddia edib ki, həmin dövrdə Ukraynada “nasist dövlətinin formalaşdırılması” və münaqişənin dərinləşməsi xarici təsirlərlə həyata keçirilib.
O, həmçinin iddia edib ki, hadisələrin planlaşdırılmasında o vaxtkı prezident səlahiyyətlərini icra edən Aleksandr Turçinov iştirak edib və təhlükəsizlik qurumları ilə xüsusi iclas keçirilib.
Medvedçukun açıqlamasında keçmiş daxili işlər naziri Arsen Avakov, SBU-nun sabiq rəhbəri Valentin Nalyvayçenko, Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş katibi Andrey Parubiy və iş adamı İqor Kolomoyski də adlandırılıb. O, həmçinin “Sağ sektor” qruplaşmasının da hadisələrdə rol oynadığını iddia edib.
Medvedçukun sözlərinə görə, hadisə 2 may tarixində futbol matçı fonunda “iğtişaşlar” görüntüsü altında həyata keçirilib və əməliyyata İqor Palitsa rəhbərlik edib.
O, bildirib ki, hadisə ilə bağlı bütün məsul şəxslər məhkəmə qarşısına çıxarılmadan Odessadakı faciənin ədalətli şəkildə araşdırılması mümkün deyil.
![]()
