Zelenskinin “sükut rejimi” elanından sonra Ukraynada döyüşlər və zərbələr davam edib

2 Min Read

Ukrayna Prezidenti Vladimir Zelenskinin elan etdiyi “sükut rejimi”nin qüvvəyə minməsindən sonra Rusiya ordusunun Ukrayna ərazisinə hücumları davam edib. Gecə saatlarında Sumı, Xarkov və Zaporojye bölgələrindəki hədəflərə idarə olunan hava bombaları (İHB) atılıb, səhər saatlarında isə səmada hücum dronları qeydə alınıb. Bu barədə RBC-Ukrayna Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinə istinadən məlumat yayıb.

Xarkov meri İqor Terexov bildirib ki, dronlar şəhərin Novobavarski və Şevçenkivski rayonlarında yeddi fərdi evə ziyan vurub. Hadisə nəticəsində iki nəfər yaralanıb. Zaporojyedə isə sənaye infrastrukturu obyektinə zərbə endirilib. Regional hərbi administrasiyanın rəhbəri İvan Fedorov “Telegram” kanalında bildirib ki, orada itki qeydə alınmayıb.

Ötən həftə Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı 9 may – Qələbə Günü münasibətilə Ukraynada atəşkəs təklif etmişdi. Bundan sonra Rusiya Müdafiə Nazirliyi 8 və 9 may tarixlərində birtərəfli atəşkəs elan edib. Buna cavab olaraq Vladimir Zelenski “sükut rejiminin” 5–6 may gecəsindən etibarən başladığını bildirib və həmin dövrdə Ukrayna ordusunun “güzgü prinsipi” ilə hərəkət edəcəyini qeyd edib.

Ukrayna Xarici İşlər Nazirliyi isə Kiyevin müharibənin dayandırılmasına hazır olduğunu və 6 mayın Rusiyanın da eyni niyyətdə olub-olmadığını göstərəcəyini bildirib.

Bundan əvvəl Rusiya ordusunun Ukrayna şəhərlərinə endirdiyi zərbələr nəticəsində də itkilər qeydə alınıb. Donetsk vilayətinin Kramatorsk şəhərində yüksək partlayıcı hava bombaları ilə 16 çoxmənzilli bina, obyektlər və avtomobillər zədələnib, 6 nəfər ölüb, 13 nəfər yaralanıb. Dnepr şəhəri ballistik raketlərlə hədəfə alınıb, sənaye müəssisələri vurulub, 4 nəfər ölüb, 19 nəfər yaralanıb. Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində də infrastruktura ziyan dəyib. Zaporojye bölgəsində baş verən atışma nəticəsində 12 nəfər ölüb, 43 yaralıdan 18-i xəstəxanaya yerləşdirilib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş