“Vaxt işə düşüb” – Tramp Avropanı daha yüksək rüsumlarla hədələdi

Nərmin
2 Min Read

İzmedia.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Avropa İttifaqını iyulun 4-dən sonra Avropa mallarına tətbiq ediləcək daha yüksək idxal rüsumları ilə hədələyib.

Məlumata görə, Tramp bu açıqlamanı Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ilə telefon danışığından sonra verib. O bildirib ki, Avropa tərəfinə 2026-cı il iyulun 4-dək vaxt verilib.

ABŞ prezidenti qeyd edib ki, əgər Avropa İttifaqı həmin tarixə qədər daha əvvəl əldə olunmuş ticarət razılaşmalarının şərtlərini yerinə yetirməsə və Amerika məhsullarına tətbiq olunan rüsumları ləğv etməsə, Vaşinqton dərhal cavab tədbirləri görəcək.

“Ölkəmizin 250 illiyi münasibətilə ona vaxt verməyə razılaşdım. Əks halda onlar üçün rüsumlar dərhal daha yüksək səviyyəyə qalxacaq”, – deyə Tramp sosial şəbəkə hesabında yazıb.

Bununla yanaşı, Ağ Ev rəhbəri Ursula fon der Lyayenlə danışığını “əla söhbət” adlandırıb və tərəflərin İranın nüvə silahı əldə etməsinin qarşısının alınması məsələsində də tam razılığa gəldiyini vurğulayıb.

Qeyd olunur ki, ABŞ və Avropa İttifaqı arasında ticarət gərginliyi hələ 2025-ci ilin avqustunda imzalanmış razılaşmadan sonra başlayıb. Tramp 2026-cı ilin mayında həmin sazişin icrasından narazılığını ifadə edərək Avropadan idxal olunan avtomobil və yük maşınlarına 25 faiz rüsum tətbiq olunacağını açıqlamışdı.

Avropa Komissiyası isə buna cavab olaraq ABŞ-ın da öhdəliklərini tam yerinə yetirmədiyini bildirmişdi. İndi isə tərəflər arasında diplomatik vaxtın azaldığı və münasibətlərin daha sərt iqtisadi siyasətə keçə biləcəyi qeyd olunur.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş