İzmedia.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin ilə ABŞ prezidenti Donald Trump arasında keçirilən telefon danışığı beynəlxalq mediada geniş müzakirələrə səbəb olub.
Məlumata görə, tərəflər rəsmi olaraq Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə etsələr də, ekspertlər danışığın əslində siyasi razılaşma və qarşılıqlı güzəştlər üzərində qurulduğunu düşünürlər.
İddialara əsasən, Kremlin mövqeyinə görə, Moskva Vaşinqtona İran məsələsində əməkdaşlıq təklif edib. Bildirilir ki, Rusiya İranla bağlı müəyyən məlumat paylaşımını dayandırmaq müqabilində ABŞ-dan Ukraynaya verilən kəşfiyyat dəstəyinin azaldılmasını istəyib.
Məqalədə qeyd olunur ki, bu təklifin ilk dəfə mart ayında Rusiya prezidentinin xüsusi nümayəndəsi vasitəsilə gündəmə gətirildiyi iddia olunur. Həmin vaxt Trampın bu təkliflə razılaşmadığı bildirilsə də, hazırda Yaxın Şərqdə vəziyyətin dəyişməsi fonunda Moskvanın mövqeyinin gücləndiyi vurğulanır.
Putinin danışıq zamanı İran əleyhinə mümkün quru əməliyyatını “tamamilə qəbuledilməz və təhlükəli variant” adlandırdığı qeyd edilir. Bununla yanaşı, Moskvanın regionda vasitəçilik etməyə hazır olduğu da bildirilib.
Ekspertlərin fikrincə, bütün bu proseslərin fonunda ABŞ-ın diqqətinin Fars körfəzinə yönəlməsi Ukrayna məsələsində Rusiyanın mövqeyini gücləndirə bilər. Analitiklər hesab edirlər ki, Vaşinqtonun eyni vaxtda iki böyük geosiyasi qarşıdurmada tam güclə iştirak etməsi çətinləşir.
![]()
