İzmedia.az xəbər verir ki, Amsterdam şəhəri küçələrdə ət məhsulları, şəxsi aviauçuşlar və daxiliyanma mühərrikli avtomobillərin reklamını rəsmi şəkildə qadağan edib.
Beləliklə, Niderland paytaxtı ekologiyanın qorunması məqsədilə bu cür radikal addım atan ilk böyük şəhər kimi tarixə düşüb.
Məlumata görə, qərar şəhərin 2050-ci ilə qədər karbon neytrallığına nail olmaq strategiyasının bir hissəsidir. Şəhər rəhbərliyi eyni zamanda sakinlər arasında ət istehlakını iki dəfə azaltmağı hədəfləyir.
“Yaşıllar Solu” partiyasının nümayəndələri bildiriblər ki, ətraf mühitə zərər verən məhsulların reklamı şəhərin iqlim məqsədlərinə ziddir. Heyvanların Müdafiəsi Partiyası isə hesab edir ki, bu addım insanları şirkətlərin aqressiv marketinq təsirindən qoruyacaq və düşünülməmiş alışları azaldacaq.
Qərara qarşı çıxan ət istehsalçıları və turizm sektoru nümayəndələri isə bunu kommersiya azadlığının məhdudlaşdırılması kimi qiymətləndiriblər.
Qeyd olunur ki, Amsterdam bu məsələdə Haarlem şəhərinin təcrübəsinə əsaslanıb. Araşdırmalara görə, oxşar reklam qadağaları insanların zərərli məhsullara marağını azaltmağa kömək edir.
Ekspertlər hesab edirlər ki, yeni qaydalar şirkətləri daha ekoloji alternativ məhsullara üstünlük verməyə məcbur edə bilər.
![]()
