izmedia.az xəbər verir ki, Çin Kosmik Agentliyi “Tyançjou-10” adlı yük kosmik gəmisini “Tiangong” orbital stansiyasına göndərib.
Kosmik aparat Hainan adasındakı Vençan kosmodromundan “Çançjen-7” raketi ilə uğurla buraxılıb. Start yerli vaxtla səhər saatlarında baş tutub və uçuşun ilk dəqiqələri tam plan üzrə həyata keçirilib.
Raket buraxılışdan təxminən 10 dəqiqə sonra yük gəmisini daşıyıcıdan ayıraraq onu orbitə çıxarıb. “Tyançjou-10” günəş panellərini açaraq təyin olunmuş trayektoriyaya daxil olub.
Məlumata görə, kosmik gəmi yaxın saatlarda “Tiangong” stansiyası ilə avtomatik qoşulma manevri həyata keçirəcək. Gəmi ekipaj üçün yanacaq, ərzaq, su ehtiyatları, elmi avadanlıqlar və yeni kosmik skafandr daşıyır.
Bu missiya Çin tərəfindən həyata keçirilən “Tyançjou” seriyasının artıq onuncu uçuşudur və ölkənin kosmik proqramında mühüm mərhələ kimi qiymətləndirilir.
Rəsmi məlumatlara əsasən, Çin orbital infrastrukturu genişləndirməyə və daimi kosmik stansiyanın dayanıqlı fəaliyyətini təmin etməyə davam edir.
![]()
