Hamburqda 17 yaşlı suriyalı saxlanıldı: ticarət mərkəzində terror aktı hazırladığı iddia olunur

Nərmin
1 Min Read

izmedia.az xəbər verir ki, Almaniyanın Hamburq şəhərində təhlükəsizlik qüvvələri terror aktı hazırlamaqda şübhəli bilinən 17 yaşlı suriyalını saxlayıb.

İstintaqın məlumatına görə, yeniyetmə terror təşkilatı olan İŞİD-in ideologiyasından təsirlənib və hücum üçün lazım olan bəzi vasitələri artıq əldə edib.

Hamburq Baş Prokurorluğu bildirib ki, şübhəli şəhərin mərkəzində yerləşən iri ictimai obyektlərdən birinə hücum planlaşdırıb. Potensial hədəflər arasında böyük ticarət-əyləncə mərkəzi, polis bölməsi və barlardan birinin olduğu qeyd edilir.

Əməliyyat mayın 7-də xüsusi təyinatlı polis qüvvələri tərəfindən həyata keçirilib. Məlumata görə, gənc hücumu partlayıcı qurğu, “Molotov kokteyli” və ya bıçaq vasitəsilə həyata keçirməyi planlaşdırıb.

Axtarış zamanı onun yaşadığı evdən gübrə paketləri, alışdırıcı maye, balaklava və soyuq silah aşkarlanaraq götürülüb.

Bildirilir ki, saxlanılan şəxs daha əvvəl də Almaniya xüsusi xidmət orqanlarının diqqətində olub. Hazırda ona terror fəaliyyətinin hazırlanması və terrorun maliyyələşdirilməsi ilə bağlı ittihamlar irəli sürülüb.

Almaniya təhlükəsizlik qurumları təhlükə barədə məlumatın Telegram messencerindəki qapalı yazışmaların izlənilməsi nəticəsində əldə olunduğunu açıqlayıb.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş