İzmedia.az xəbər verir ki, Rusiya hökuməti sağlam həyat tərzi ilə bağlı yeni metodik tövsiyələr təsdiqləyib. Sənəddə uzunömürlülük üçün ideal gündəlik rejim, qidalanma, yuxu və fiziki aktivlik qaydaları ətraflı şəkildə göstərilib.
Məlumata görə, səhər yeməyinin oyandıqdan sonra ən gec 1 saat ərzində, ideal olaraq isə saat 07:00–09:00 aralığında qəbul edilməsi tövsiyə olunur. Günlük qida rasionunun 30-40 faizinin məhz səhər yeməyinə ayrılması məsləhət görülür.
Tövsiyələrdə yarımfabrikatlar, kolbasa məhsulları, qazlı içkilər, şirniyyat, ağ çörək və paket şirələrinin minimuma endirilməsi qeyd olunub. Axşam yeməyinin isə yatmazdan ən azı 3 saat əvvəl yeyilməsi vacib sayılır.
Sənəddə su balansına da xüsusi diqqət ayrılıb. Oyandıqdan dərhal sonra otaq temperaturunda bir stəkan su içilməsi, gün ərzində isə mütəmadi az miqdarda su qəbul edilməsi tövsiyə olunur.
Fiziki aktivliklə bağlı gündə minimum 7 min addım atmaq, lift əvəzinə pilləkənlərdən istifadə etmək və oturaq iş zamanı hər saat qısa gəzinti etmək məsləhət görülüb.
Yuxunun 7-9 saat davam etməsi, tam qaranlıq otaqda və 18-20 dərəcə temperaturda yatmaq tövsiyə edilir. Həmçinin yatmazdan 1-2 saat əvvəl telefon və digər ekranlardan uzaq durmaq, kofeini isə saat 14:00-dan sonra qəbul etməmək məsləhətdir.
Məlumata görə, sənəddə stressin azaldılması üçün səhərlər nəfəs məşqləri və meditasiya, axşam isə qısa gəzinti və “şükür gündəliyi” aparılması da tövsiyə olunub.
![]()
