izmedia.az xəbər verir ki, İsrailin iştirakına etiraz olaraq 5 ölkənin boykot qərarı verdiyi 2026 Eurovision Mahnı Yarışmasının ikinci yarımfinalı Avstriyanın paytaxtı Vyanada keçirilib.
Yarışmanın ikinci yarımfinalında finala yüksələn ölkələr arasında Bolqarıstan, Ukrayna, Norveç, Avstraliya, Rumıniya, Malta, Kipr Yunan Administrasiyası, Albaniya, Danimarka və Çexiya yer alıb. Azərbaycan, Lüksemburq, Ermənistan, İsveçrə və Latviya isə yarışmaya vida edib.
Finalın 16 may tarixində keçiriləcəyi bildirilir.
İzləyici sayında ciddi azalma
İsrailin iştirakı səbəbindən boykot qərarlarının fonunda yarışmanın izlənmə göstəricilərində azalma qeydə alınıb.
İtaliyada dövlət televiziyası RAI-də yayımlanan ilk yarımfinalı 1 milyon 856 min nəfər izləyib. Bu rəqəm ötən il 2 milyon 489 min idi və ciddi azalma diqqət çəkib.
Hollandiyada isə izlənmə göstəricisi 2025-ci ilə nisbətən 42% azalıb. İlk yarımfinalı orta hesabla 541 min tamaşaçı izləyib və bu, 2012-ci ildən bəri ən aşağı göstərici olub.
Böyük Britaniya, İsveç və Belçikada da ötən illə müqayisədə izləyici sayında azalma qeydə alınıb.
“Eurovision ləğv oluna bilərdi” iddiası
“The Hollywood Reporter”in Avropa Yayım Birliyi (EBU) və yarışmaya yaxın mənbələrə istinadən yaydığı məlumata görə, İsrailin iştirakı səbəbindən yarışmanın bu il ümumiyyətlə keçirilməməsi ehtimalı olub.
Məlumatda qeyd olunur ki, bəzi sponsorların çəkilməsi və boykot edən ölkələrin itirdiyi lisenziya ödənişləri maliyyə çətinlikləri yaradıb. Hətta bir sıra ölkələrin geri çəkilməməsi üçün danışıqlar aparıldığı bildirilir.
Etirazlar və gərginlik
İlk yarımfinalda çıxış edən İsrailli ifaçı tamaşaçılar tərəfindən etirazla qarşılanıb. “Soyqırımı dayandırın” şüarları səsləndirilib və Fələstin bayraqları açılıb.
Vyanada yarışmadan əvvəl də Fələstinə dəstək aksiyaları keçirilib.
Qaydaların pozulması ilə bağlı xəbərdarlıq
Eurovision rəhbərliyi İsrail nümayəndə heyətinə yarışma qaydalarının pozulması ilə bağlı rəsmi xəbərdarlıq göndərib. Səbəb olaraq sosial şəbəkələrdə “İsrailə 10 dəfə səs verin” kimi çağırışların yayılması göstərilib.
EBU həmin paylaşımların dərhal silinməsini tələb edib və gələcəkdə belə hallara nəzarətin artırılacağını açıqlayıb.
Boykot qərarları
Avropa Yayım Birliyi (EBU) 2022-ci ildən Rusiyanı yarışmadan kənarlaşdırsa da, İsrailə qarşı eyni addımın atılmaması tənqidlərə səbəb olub.
Bunun fonunda İspaniya, Sloveniya, İrlandiya, İslandiya və Niderland yarışmadan çəkildiyini açıqlayıb.
Gərginlik səbəbindən EBU-nun 70 illik yubiley çərçivəsində planlaşdırılan xüsusi tədbiri də ləğv etdiyi bildirilir.
![]()
