izmedia.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trump İranla bağlı yeni açıqlama verib. O, “New York Post” qəzetinə müsahibəsində İranla bağlı planlaşdırılan hərbi əməliyyatın təxirə salındığını bildirib.
Tramp qeyd edib ki, İranın təqdim etdiyi son təklif ABŞ tərəfi üçün yetərli hesab olunmayıb və Vaşinqton öz “qırmızı xətlərindən” geri çəkilməyəcək.
ABŞ Prezidenti bildirib: “Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və BƏƏ Prezidenti Məhəmməd bin Zayed məndən sabaha planlaşdırılan İran hücumunu təxirə salmağı xahiş etdilər.”
Onun sözlərinə görə, hazırda ciddi danışıqlar aparılır və tərəflər bütün region üçün qəbul edilə biləcək razılaşmanın əldə olunacağına inanırlar.
Tramp vurğulayıb ki, əsas şərt İranın nüvə silahına sahib olmamasıdır.
ABŞ Prezidenti əlavə edib ki, müdafiə naziri Pit Heqsetə, Baş Qərargah rəisi general Daniel Keynə və ABŞ ordusuna hücum planının dayandırılması barədə göstəriş verib. Lakin razılaşma əldə olunmazsa, İrana qarşı genişmiqyaslı əməliyyata hazır olmaları tapşırılıb.
Tramp həmçinin İranın uranı zənginləşdirmə proqramını 20 il dayandıracağı ilə bağlı iddialara münasibət bildirərək deyib: “Hazırda heç bir güzəştə açıq deyiləm.” O əlavə edib ki, İran yaxın zamanda nə baş verəcəyini anlayacaq.
Eyni zamanda, “Axios” portalının məlumatına görə, Tramp yaxın saatlarda Ağ Evdə milli təhlükəsizlik komandası ilə növbəti toplantı keçirəcək və İranla bağlı bütün variantlar bir daha müzakirə olunacaq.
![]()
