İran uran ehtiyatlarının Rusiyaya verilməsi şərti ilə nüvə proqramını dondurmağa hazırdır – “Əl-Ərəbiyyə”

2 Min Read

“Əl-Ərəbiyyə”nin məlumatına görə, İran nüvə proqramının uzunmüddətli dondurulmasına 400 kiloqram yüksək zənginləşdirilmiş uranın ABŞ-a deyil, Rusiyaya təhvil verilməsi şərti ilə razılaşıb. Bildirilir ki, bu, İranın Pakistan vasitəsilə Vaşinqtona çatdırılan yenilənmiş sülh təklifinin əsas bəndlərindən biridir.

Məlumata əsasən, Tehranın təqdim etdiyi yeni təklif uzunmüddətli və çoxmərhələli atəşkəs mexanizmini nəzərdə tutur və İranın siyasi nüfuzunu qorumağa imkan verəcək formulu ehtiva edir.

İranın nüvə proqramını tam ləğv etməyə deyil, yalnız dondurmağa hazır olduğu bildirilir. Təklifə görə, 400 kiloqram yüksək zənginləşdirilmiş uran Rusiyaya ötürülməlidir.

Hörmüz boğazı ilə bağlı isə İran Pakistan və Omanın təminatçı kimi iştirakı ilə onun mərhələli və təhlükəsiz şəkildə açılmasını təklif edir. Eyni zamanda, dəniz nəqliyyatı məsələsinin nüvə danışıqlarından ayrılması nəzərdə tutulur.

Məlumata görə, nüvə proqramının gələcək detalları və uranın zənginləşdirilməsi kimi daha həssas məsələlər danışıqların növbəti mərhələsinə saxlanılır.

“Axios”un məlumatına əsasən, ABŞ rəsmiləri bu təklifi əvvəlkilərlə müqayisədə yalnız cüzi irəliləyiş kimi qiymətləndirib və bunun razılaşma üçün kifayət etmədiyini bildiriblər.

Eyni zamanda, Vaşinqtonun dondurulmuş İran aktivlərinin yalnız dörddə birinin sərbəst buraxılmasına razı olduğu, Tehranın isə bu mövqeyə yenidən baxılmasını istədiyi qeyd olunur.

İranın “Tasnim” xəbər agentliyi ABŞ-ın danışıqlar zamanı neft sanksiyalarında müvəqqəti yumşalmaya razılaşdığını yazsa da, bu məlumat İran tərəfi tərəfindən təsdiqlənməyib.

İsrail isə ABŞ Prezidenti Donald Trampın əsas təhlükəsizlik məsələləri həll olunmadan Tehranla mümkün razılaşma imzalaya biləcəyindən narahatdır.

ABŞ administrasiyasında isə bu mövzuda fikir ayrılığı olduğu bildirilir: Pentaqon daxilində daha sərt xətt tərəfdarları üstünlük təşkil edir, digər qrup isə diplomatik həll yolunu dəstəkləyir.

Tramp daha əvvəl “İran üçün vaxtın bitdiyini” bildirib və razılaşma əldə olunmazsa nəticələrlə bağlı xəbərdarlıq edib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş