Sançez Ben-Qvirə qarşı Avropa sanksiyalarına çağırıb

1 Min Read

İspaniyanın Baş naziri Pedro Sançez Fələstin tərəfdarı “Sumud” donanmasının saxlanılan üzvlərinə qarşı rəftarla bağlı İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə qarşı Avropa miqyasında sanksiyaların tətbiq edilməsinə çağırıb.

Daha əvvəl Ben-Qvir fəalların gətirilmə anlarını əks etdirən videonu X sosial şəbəkəsində paylaşmışdı. İspaniya tərəfinin məlumatına görə, həmin görüntülərdə alçaldıcı rəftar halları qeydə alınıb. Sançez bu davranışı qəbuledilməz adlandırıb və İspaniya vətəndaşlarına qarşı pis rəftara dözməyəcəklərini bildirib.

O həmçinin xatırladıb ki, daha əvvəl Ben-Qvirin İspaniyaya girişinə qadağa qoyulduğunu elan etmişdi və bu məhdudiyyətlərin bütün Avropa İttifaqı səviyyəsində tətbiqinə nail olmağı hədəfləyir.

İsrail Xarici İşlər Nazirliyinin məlumatına görə, donanmanın bütün gəmiləri ələ keçirilib və təxminən 430 fəal saxlanılıb. Bildirilib ki, onlar konsulluq nümayəndələrinə təhvil veriləcək.

“Qlobal Donanma Sumud” kampaniyası aprel ayında müxtəlif ölkələrdən olan gəmilərin iştirakı ilə başlayıb. Təşkilatçılar missiyanın məqsədinin Qəzza zolağının dəniz blokadasını yarmaq və humanitar dəniz dəhlizi yaratmaq olduğunu bildirirlər. Əvvəllər İsrail ordusunun beynəlxalq sularda gəmiləri ələ keçirərək fəalları Aşdod limanına apardığı qeyd olunub.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş