ABŞ administrasiyasının Hindistanı Rusiya neftinin alışını azaltmağa məcbur etmək cəhdləri Yaxın Şərqdəki döyüşlər səbəbindən uğursuzluğa düçar olub.
İzmedia.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Telekanalın analitik hesabatında bildirilir ki, Vaşinqtonun təzyiqi nəticəsində Hindistan artıq Rusiya neftinin alışını azaltmağa və Yaxın Şərqdən tədarükə üstünlük verməyə başlamışdı. Lakin ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının başlanması faktiki olaraq Hörmüz boğazını bağlayıb və bu boğazdan demək olar ki, bütün Yaxın Şərq nefti keçir. CNN-in məlumatına görə, xam neft almaq üçün digər variantları itirən Hindistan yenidən Rusiya neftinə üz tutur.
Vaşinqton faktiki olaraq Rusiyanı ən sadiq müştərilərindən birindən məhrum edə bilməyəcəyini etiraf edib. Belə ki, ötən həftə ABŞ Maliyyə Nazirliyi Hindistana dənizdə tankerlərdə 30 gün ərzində olan Rusiya neftini almaq üçün lisenziya verib. CNN əlavə edir ki, bu qərar həmçinin neft məhsulları ilə əməliyyatları və 5 mart tarixinə qədər istənilən gəmiyə yüklənmiş xam neft təchizatını da əhatə edir. ABŞ rəsmilərinin sözlərinə görə, bu addım ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı fonunda qlobal neft bazarına təzyiqi azaltmaq məqsədi daşıyır.
Hindistana təzyiq göstərən ABŞ administrasiyası, Yeni Dehlinin Rusiya neftini almaqdan imtina etməsini əsas gətirərək 7 fevralda Hindistan idxalına əlavə 25% tarifləri qaldırmışdı. İcra sərəncamında qeyd olunub ki, Hindistan Rusiyadan neft almağa davam edərsə, ABŞ əlavə idxal tariflərini bərpa etmək də daxil olmaqla ona qarşı yeni tədbirlər görməyə hazırdır.
İzmedia.az
![]()

