“The Economist” jurnalında dərc olunan məqalədə ABŞ-nin İranla bağlı dörd mümkün hərəkət planı olduğu, lakin bunların heç birinin Vaşinqton üçün rahat olmadığı vurğulanır.
Məqalədə bildirilir ki, ABŞ münaqişəyə qüsurlu strategiya ilə daxil olub və İranın Hörmüz boğazını bağlayacağını gözləməyib. Döyüşlər dördüncü həftəyə qədəm qoyarkən, ABŞ prezidenti Donald Trampın qarşısında dörd seçim var: danışıqlar aparmaq, çəkilmək, hərbi əməliyyatları davam etdirmək və ya gərginliyi artırmaq. Məqalənin müəllifləri qeyd edirlər ki, əgər hələ bir seçim edilməyibsə, bu o deməkdir ki, heç bir variant yaxşı nəticə vermir.
“The Economist” yazır ki, danışıqlar variantı mürəkkəbdir, çünki ABŞ əvvəlki müzakirələr zamanı Tehranla danışıqları yarımçıq dayandıraraq hücumlar təşkil edib. Həmçinin vasitəçi seçimi çətinlik yaradır və hər iki tərəf maksimalist tələblər irəli sürür.
Jurnalın analitikləri hesab edirlər ki, münaqişəni dərhal başa çatdırmaq və qələbə elan etmək ABŞ-ın İranın zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı narahatlıqlarını azaltmayacaq və enerji qiymətlərini tezliklə aşağı salmayacaq, çünki Hörmüz boğazı hələ də İranın nəzarətində qalacaq. Bundan əlavə, Vaşinqton Fars körfəzindəki müttəfiqləri ilə münasibətlərində çətinliklər yaşayacaq, çünki ABŞ regionda təhlükəsiz neft axınını təmin edən əsas rolundan geri çəkilməlidir.
Hərbi əməliyyatların davam etdirilməsi variantına gəldikdə isə, “The Economist” vurğulayır ki, bu səylərin uğur qazanacağına heç bir zəmanət yoxdur, çünki İran qonşu ölkələrə zərbə endirə və Hörmüz boğazını bağlama potensialına malikdir.
Məqalədə əlavə edilir ki, quru əməliyyatı olmadan münaqişənin daha da gərginləşməsi ehtimalı yüksəkdir və bu, İranın qonşu ölkələrin enerji infrastrukturlarına yeni hücumlar həyata keçirməsinə səbəb ola bilər.
İzmedia.az
![]()

