Ermənistan hökuməti bu gün – 30 apreldə keçirilən iclasında ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan “Sülh Şurasının Nizamnaməsinin təsdiqlənməsi haqqında” qanun layihəsini qəbul edib.
Məlumata görə, Ermənistan “Sülh Şurası”nın nizamnaməsini 22 yanvar 2026-cı ildə imzalayıb. ABŞ isə sənədi 16 yanvar 2026-cı ildə imzalayıb.
Aşağıdakı ölkələrin də nizamnaməyə qoşulduğu bildirilir: Argentina, Azərbaycan, Bəhreyn, Macarıstan, İndoneziya, İordaniya, Qazaxıstan, Kosovo, Monqolustan, Mərakeş, Pakistan, Paraqvay, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Özbəkistan.
“Sülh Şurası” münaqişə zonalarında sabitliyin təşviqi və sülhün təmin olunmasını əsas məqsəd kimi müəyyən edən beynəlxalq təşkilat kimi təqdim olunur. Qurumun beynəlxalq hüquqa uyğun şəkildə sülh axtaran dövlətlər və icmalar üçün ən yaxşı təcrübələrin hazırlanması və yayılması istiqamətində fəaliyyət göstərəcəyi bildirilir.
Nizamnaməyə əsasən, sənəd üç dövlət onun onlar üçün məcburi olduğunu təsdiqlədikdən sonra qüvvəyə minəcək.
Sənədin növbəti mərhələdə təsdiq üçün Ermənistan parlamentinə göndəriləcəyi qeyd olunub.
İzmedia.az
![]()

