ABŞ və Səudiyyə Ərəbistanı arasında dinc nüvə enerjisi sahəsində əməkdaşlıq sazişi Krallıq ərazisində uranın 20%-ə qədər zənginləşdirilməsi imkanını nəzərdə tutur. “The Wall Street Journal” (WSJ) qəzetinin ABŞ Konqresinə göndərilən sənədin mətninə istinadən verdiyi məlumata görə, saziş dərhal zənginləşdirməyə icazə verməsə də, prosesin mərhələli şəkildə işə salınmasını əhatə edir.
Müqaviləyə əsasən, növbəti iki il ərzində tərəflər zənginləşdirmənin iqtisadi məqsədəuyğunluğunu və təhlükəsizlik tədbirlərini qiymətləndirəcəklər. Razılıq əldə olunarsa, Amerika şirkətləri əvvəlcə uranın 5%-ə, gələcəkdə isə 20%-ə qədər zənginləşdirilməsini təmin edən müəssisə inşa edəcəklər. WSJ vurğulayır ki, sənədin mətnində Ər-Riyadın İsrail ilə münasibətləri normallaşdırması tələbi yer almayıb.
Xatırladaq ki, ABŞ Energetika Nazirliyi iyulun 22-də Səudiyyə Ərəbistanının dinc nüvə proqramına dəstək barədə onilliklər üçün nəzərdə tutulan müqavilənin imzalandığını açıqlamışdı. Lakin ABŞ Prezidenti Donald Tramp sənədin təsdiqlənməsinin Səudiyyə Ərəbistanının “İbrahim Sazişləri”nə qoşulmasından asılı olacağını bəyan edib.
İzmedia.az
![]()

