“LUYS” Fondu 2026-cı ilin yanvar-avqust aylarında Ermənistan iqtisadiyyatının sosial-iqtisadi göstəricilərini təhlil edib. Hesabata əsasən, səkkiz ay ərzində iqtisadi aktivlik indeksi 7,3% təşkil etsə də, son aylarda artım tempinin tədricən zəifləməsi və sahələr üzrə ciddi disbalansın yaranması müşahid olunur.
Təhlilə görə, artım əsasən xidmət və tikinti sektorları hesabına təmin edilib. Avqust ayında sənayedə azalma qeydə alınıb, ticarət dövriyyəsinin artımı isə demək olar ki, sıfırlanıb. Xarici ticarətdə də vəziyyət gərgindir: yanvar-avqust aylarında ixrac 6,5% azaldığı halda, idxal 9,3% artıb. Xüsusilə, yanvar-iyul aylarında bitkiçilik məhsullarının ixracının 31,7% geriləməsi diqqət çəkir ki, bu da Rusiyanın iyun ayından tətbiq etdiyi məhdudiyyətlərlə əlaqələndirilir.
Maliyyə və fiskal sektorda da mənfi meyillər üstünlük təşkil edir. Səkkiz ay ərzində cari xərclər 17,8% artdığı halda, kapital xərcləri 25,0% azalıb ki, bu da iqtisadiyyata büdcə investisiyalarını kəskin məhdudlaşdırır. Bununla belə, xaricdən fiziki şəxslərin pul köçürmələrinin xalis axını 2,61 dəfə artaraq 1,87 milyard dollara çatıb və daxili tələbatı dəstəkləyən əsas amilə çevrilib. Bu kütləvi valyuta axını fonunda Ermənistan dramı ABŞ dollarına qarşı möhkəmlənməkdə davam edir.
İzmedia.az
![]()

