NBC News telekanalının məlumatlı mənbələrə istinadən verdiyi xəbərə görə, ABŞ Prezidenti Donald Tramp və onun milli təhlükəsizlik komandası 3 noyabr ara seçkilərinə qədər olan müddətdə İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpası imkanlarını nəzərdən keçirirlər. Ötən həftə Kemp Devid iqamətgahında keçirilən qapalı toplantıda administrasiya rəsmiləri Vaşinqtonun İran və Yəməndəki husilərə qarşı ümumi strategiyasını müzakirə ediblər. Görüşün nəticəsi olaraq ABŞ Silahlı Qüvvələrinin komandanlığı dövlət başçısına yeni hərbi fəaliyyət planları təqdim etsə də, hələlik yekun qərarın verilmədiyi bildirilir.
Ağ Evin sözçüsü verdiyi açıqlamada vəziyyətin müxtəlif ssenarilər üzrə inkişaf edə biləcəyini və Prezident Trampın ABŞ-ın milli maraqlarına uyğun olaraq bütün diplomatik və hərbi imkanları əlində saxladığını vurğulayıb. Eyni zamanda, “Atlantic” jurnalı da Ağ Evin Pentaqona seçkilər ərəfəsində İrana zərbələrin endirilməsi üçün hazırlıq planı tərtib etməyi tapşırdığını bəyan edib. Analitiklər genişmiqyaslı hərbi müdaxilənin bərpa olunma müddətinin hələ də dəqiq bəlli olmadığını və Vaşinqtonun bəzi strateji silah ehtiyatlarının azalması amilini də nəzərə almağa məcbur olduğunu qeyd edirlər. Xatırladaq ki, fevral ayında başlanan hərbi toqquşmalardan sonra iyun ayında tərəflər arasında hərbi əməliyyatların dayandırılmasına dair memorandum imzalansa da, qarşılıqlı zərbələr və gərginlik fəal fazada qalmaqda davam edir.
İzmedia.az
![]()

