Rusiyanın əməkdar hərbi pilotu, general-mayor Vladimir Popov Britaniyanın müdafiə naziri Con Hilinin olduğu təyyarədə baş verən naviqasiya nasazlığı ilə bağlı danışıb. Təyyarə Rusiya sərhədləri yaxınlığında uçarkən peyk siqnalını itirib və pilotlar üç saat ərzində inertial naviqasiya sistemi ilə uçuşu davam etdirməli olublar.
Popov hadisənin iki mümkün səbəbini göstərib. Birinci versiyaya görə, problem texniki nasazlıqdan qaynaqlana bilər. Onun sözlərinə görə, kiçik texniki problemlərin zəncirvari şəkildə baş verməsi avtomatik sistemlərin sıradan çıxmasına səbəb ola bilər.
General bildirib ki, müasir pilotlar avtomatik idarəetmə sistemlərindən çox asılıdır və hətta qısa müddətli nasazlıq belə onlarda ciddi stress yaradır.
İkinci ehtimal isə Rusiyanın radioelektron mübarizə (RƏB) sistemlərinin təsiri ilə bağlıdır. Popovun fikrincə, təyyarə təsadüfən RƏB sistemlərinin fəaliyyət zonasına düşə və nəticədə naviqasiya avadanlıqları sıradan çıxa bilərdi.
O əlavə edib ki, Britaniya tərəfi bu hadisəyə görə Rusiyanı günahlandırmaqda maraqlıdır.
“Britaniyalılar üçün hər şeyi Rusiyanın üzərinə atmaq sərfəlidir”, – deyə general qeyd edib.
![]()
