Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib ki, Vladimir Putinin hazırda Polşaya birbaşa hücum etmək üçün heç bir vasitəsi yoxdur və Rusiyanın təhdidləri Varşavada narahatlıq doğurmur. İtaliyanın “Il Messaggero” qəzetinə verdiyi müsahibədə o, Moskvanın “ən yaxşı halda hansısa təxribat təşkil etməyə cəhd edə biləcəyini”, lakin genişmiqyaslı işğal həyata keçirməyə qadir olmadığını qeyd edib.
Sikorski əlavə edib ki, Rusiya təxminən 13 illik müharibə ərzində Donbası ələ keçirə bilməyib və onun hərbi nüfuzu xeyli zəifləyib. “Biz düşünürdük ki, Putinin dünyada ikinci ordusu var. Bu gün deyə bilərik ki, onun Ukraynada ikinci ordusu var”, – deyə Polşa xarici işlər naziri bildirib.
Sikorskinin sözlərinə görə, Ukraynanın dözümlülüyü həm Kiyevin, həm də Qərb müttəfiqlərinin gözləntiləri aşdığını göstərdi. Nazir qeyd edib ki, “Əgər bizə beş il əvvəl Ukraynanın işğaldan yayınacağı, sabit cəbhə xəttini qoruyacağı və Qara dəniz vasitəsilə taxıl ixracına davam edəcəyi deyilsəydi, heç kim buna inanmazdı”. O, bunu Qərb ölkələrinin birliyi və Avropa Birliyinin Rusiyaya qarşı qəbul etdiyi iyirmi sanksiya paketi ilə əlaqələndirib.
Sikorski həmçinin Polşanın mümkün Rusiya təxribatları ilə bağlı xəbərdarlıqlar aldığını təsdiqləyib. “The Telegraph” qəzetində ABŞ-ın Varşavanı yaxın aylarda Rusiyanın silahlı təxribat ehtimalı ilə bağlı xəbərdar etdiyi barədə yayılan xəbəri şərh edərkən deyib: “Bu, nüfuzlu bir qəzetdir, ona görə də bu, yəqin ki, doğrudur. Buna görə də ruslara bir siqnal göndəririk – bilirik ki, siz Ukraynanın işğalından əvvəl baş verdiyi kimi, nəsə hazırlayırsınız”.
Eyni zamanda, nazir Polşanın öz müdafiəsinə ciddi yanaşdığını vurğuladı, lakin Rusiya ilə bağlı əvvəlki qorxular nəzərəçarpacaq dərəcədə azalıb. “Putin Ukraynanı məğlub edə bilməyəcək. Təkbaşına döyüşməli olsaq belə, onun qanamağa davam etməsini təmin edəcəyik. Amma biz tək deyilik: İtaliya da daxil olmaqla güclü müttəfiqlərimiz var”, – Sikorski bildirib.
İzmedia.az
![]()

