Çin G20 Maliyyə Nazirlərinin sammitinin birgə bəyanatını bloklayıb

2 Min Read
“Financial Times” qəzetinin Amerika və Avropa rəsmilərinin iddialarına istinadən verdiyi məlumata görə, Çin xarici ticarətdəki “həddindən artıq böyük” profisit, bazardan kənar iqtisadi alətlər və ucuz ixrac axını ilə bağlı bəndlərə etiraz edərək G20 maliyyə nazirlərinin görüşündən sonra birgə bəyanatın (kommunike) qəbul olunmasını bloklayıb.
Qəzet yazır ki, Pekin administrasiyası qlobal ticarət balanssızlığının aradan qaldırılması üçün ABŞ və digər üzv ölkələrin razılaşdırdığı ifadələrə, eləcə də iqtisadi artımda ixracın həddindən artıq böyük pay təşkil etməsini tənqid edən müddəalara qarşı çıxıb.
Məlumata görə, Pekin həmçinin Hörmüz boğazında naviqasiya təhlükəsizliyi, Tayvan boğazı və Cənubi Çin dənizində suverenlik məsələlərinə potensial təsirlər və kritik mineralların fasiləsiz təchizatı ilə bağlı təklif edilən ifadələri qəbul etməyib. Vaşinqton tərəfi isə Çini nadir torpaq metallarının tədarükü üzrə öhdəliklərini tam yerinə yetirməməkdə ittiham edir.
Qeyd edək ki, Çin hazırda dünyada nadir torpaq elementləri tədarükünün təxminən 70%-nə, onların emalının isə 90%-nə nəzarət edir. Bu resurslar yüksək texnologiyalı elektronika və elektrik nəqliyyat vasitələrinin (EV) istehsalında kritik rol oynayır. Fevral ayında ABŞ tərəfi 25 həyati əhəmiyyətli mineral üzrə xarici idxaldan 90%-dən çox asılı olduğunu rəsmən etiraf etmişdi.
Daha əvvəl ABŞ-ın Maliyyə Naziri Skott Besant (Scott Bessent) Şimali Karolinanın Aşvil şəhərində keçirilən G20 görüşündən sonra bəyan etmişdi ki, Çin 20 ölkə arasında yekun bəyanatı dəstəkləməyən yeganə dövlətdir. Konsensusun əldə olunmaması səbəbindən sammitin yekunlaşdırıcı sənədi yalnız “Sədrin Bəyanatı” formasında təqdim edilib.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş